Bolnisidə Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

Region
  • 05 noyabr, 2025
  • 14:08
Bolnisidə Xalq rəssamı Arif Hüseynovun fərdi sərgisi açılıb

Gürcüstanın Bolnisi şəhərində Azərbaycanın Xalq rəssamı, görkəmli qrafik və xalça sənətinin təbliğatçısı Arif Hüseynovun fərdi sərgisi açılıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu, sənətkarın Gürcüstanda ilk solo sərgisidir.

"Zamanın ilmələri" adlı layihə çərçivəsində təqdim olunan sərgidə rəssamın xalçaçılıq ənənələrinə həsr etdiyi 14 əsəri nümayiş olunur. Sərginin əsas özəlliyi xalça toxunmasının bütün mərhələlərinin – yunun toplanmasından başlayaraq rənglənməsi, cəhrədə əyirilməsi və toxunma prosesinə qədər – sənət əsərlərində əks olunmasıdır.

Açılışdan əvvəl Xalq rəssamı Arif Hüseynov "Report"un yerli bürosuna bildirib ki, layihə maarifçilik məqsədi daşıyır və xalçaçılığın sirlərini tamaşaçılara daha yaxından tanıtmaq niyyətini güdür:

Arif Hüseynov

"Bu sərginin maraqlı konsepsiyası var. Xalça toxunmasının bütün mərhələləri – başlanğıcdan sona qədər – əsərlərdə təsvir olunub. Məqsəd odur ki, yerli icmalar, qonaqlar və xarici ziyarətçilər xalça sənətinin incəliklərini görüb öyrənsinlər. Bu əsərlər xalça sənətinin sanki əlifbasıdır."

Sərginin Bolnisi kimi azərbaycanlıların kompakt yaşadığı bölgədə keçirilməsi layihəyə xüsusi mədəni və mənəvi çalar qatır.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Gürcüstan Milli Muzeyi və Azərbaycanın Gürcüstandakı Səfirliyinin dəstəyi ilə təşkil olunub.

Ekspozisiya dekabrın 5-dək açıq olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti