Qarabağ Universitetinin tələbələri: Bizə olan etimadı doğrultmamağa haqqımız yoxdur
- 22 sentyabr, 2025
- 16:00

Qarabağ Universitetinin tələbələri onlara yönəlik etimadı doğrultmamağa haqlarının olmadığını deyiblər.
Tələbələr bu barədə "Report"un Xankəndiyə ezam edilmiş əməkdaşı ilə söhbətdə danışıblar.
Qarabağ Universitetinin 1-ci kurs tələbəsi Nuray Məmmədli bu təhsil müəssisəsində oxumağın onun məsuliyyətini artırdığını vurğulayıb:
"624 balla Qarabağ Universitetinin Tibb elmləri və sağlamlıq fakültəsinə daxil olmuşam. Artıq on gündür ki, buradayam. Cənab Prezidentlə görüşümüz bizim üçün unudulmaz anlardan biri oldu. Qarabağ Universitetində təhsil almağım məni daha da məsuliyyətli olmağa sövq edir".

1-ci kurs tələbəsi Zəhra Hümbətova Qarabağ Universitetinə qəbul olunmağını gerçəkləşən xoş xəyal kimi dəyərləndirib:
"Digər tələbələr kimi mənim də sevincimin həddi yoxdur. Bu torpaqların hər qarışınıın şəhid qanı ilə alındığını düşündükcə, məsuliyyətimiz daha da artır. Dövlət başçısı ilə görüşümüzdə bizə nə qədər inandığını, hər birimizin gələcəkdə savadlı mütəxəssis kimi yetişməyimizə olan güvənini hiss etdik. Ona görə də bu etimadı doğrultmamağa haqqımız yoxdur".