Naxçıvanda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Elm və təhsil
  • 05 oktyabr, 2025
  • 12:20
Naxçıvanda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Naxçıvanda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Naxçıvan Hərbi Kollecinin konfrans zalında davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Tükəzban Quliyeva, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Tarverdi Məmmədov, Naxçıvan Qızlar Liseyinin direktoru İlahə Fərəcova pedaqoqları təbrik edib, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd olunub ki, son illərdə Naxçıvanda təhsil sahəsində uğurlu nəticələr əldə olunub. 2024-2025-ci tədris ilinin buraxılış və qəbul imtahanlarında şagirdlər tərəfindən son 30 ilin ən yüksək nəticələri əldə edilib.

Tədbirdə təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir sıra müəllimə Azərbaycan Elm və Təhsil Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin fəxri fərmanları, təhsil sahəsində səmərəli fəaliyyətinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə məktəblərin kollektivlərinə "Təşəkkürnamə", "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunan müəllimlərə nişan və vəsiqələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Son xəbərlər

Bütün Xəbər Lenti