"Konstitusiya və Suverenlik İli" çərçivəsində BDU-da tələbələr üçün növbəti master-klas keçirilib

Elm və təhsil
  • 25 sentyabr, 2025
  • 17:40
Konstitusiya və Suverenlik İli çərçivəsində BDU-da tələbələr üçün növbəti master-klas keçirilib

"Konstitusiya və Suverenlik İli" çərçivəsində jurnalistika fakültəsinin tələbələri üçün "Azərbaycan Respublikasının Konstitusiyası insan haqlarının qorunmasının etibarlı təminatçısıdır" mövzusunda master-klas təşkil olunub.

"Report" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Tədbir agentlik, Məhkəmə Hüquq Şurası və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev qeyd edib ki, tələbələr üçün keçirilən seminarlar, təlimlər və müxtəlif layihələr Konstitusiyanın mahiyyəti, insan hüquqlarının qorunması prinsipləri və konstitusion dəyərlərin ictimaiyyətə çatdırılması istiqamətində vacib rol oynayır.

Daha sonra Agentliyin Müşahidə Şurasının üzvü, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, eyni zamanda dövlətçilik ideologiyasının, milli dəyərlərin və demokratik cəmiyyət quruculuğunun əsasını təşkil edir:

"Konstitusiya və Suverenlik İli" çərçivəsində belə master-klasların təşkili gənclərin hüquqi biliklərinin artırılmasına, konstitusion dəyərlərin daha dərindən mənimsənilməsinə və onların vətəndaşlıq məsuliyyətinin gücləndirilməsinə mühüm töhfə verir".

Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova isə Konstitusiyanın qəbul edilməsinin müasir Azərbaycan dövlətçiliyinin hüquqi təməlinin formalaşmasında həlledici rol oynadığını diqqətə çatdırıb.

O bildirib ki, 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması isə sözügedən dəyərlərin gənc nəsil arasında təbliği və hüquqi maarifləndirmənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Sonda tələbələrin iştirakı ilə interaktiv müzakirə aparılıb, insan hüquqlarının qorunması və jurnalist fəaliyyətində hüquqi yanaşmalarla bağlı müxtəlif suallara cavab verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti