Deputat: Türk dünyası ilə qardaşlığımız Qarabağda təhsil ocaqlarının fəaliyyəti ilə təsdiqini tapır
- 23 dekabr, 2025
- 17:01
Azərbaycanın Türk dünyası ilə qardaşlıq və təhsil sahəsində əməkdaşlıq əlaqələri Bakıda Azərbaycan–Türkiyə Universitetinin, Füzulidə Özbəkistanın Mirzə Uluqbəy adına məktəbinin, Qazaxıstanın Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin, Qırğızıstanın Ağdamın Xıdırlı kəndində "Ayköl Manas" məktəbinin, eləcə də Cəbrayılda Macarıstanın dəstəyi ilə inşa edilən məktəbin fəaliyyəti ilə öz təsdiqini tapır.
"Report" xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Günay Əfəndiyeva deyib. O qeyd edib ki, həmin təhsil ocaqları iki xalq arasında mənəvi və intellektual körpülərin qurulduğu, ortaq tarix, dil, mədəni dəyərlərə əsaslanan birgə baxış və həmrəylik mühitinin formalaşdırıldığı strateji platformalardır:
"Ümumtürk birliyini təcəssüm etdirən təhsil müəssisələrində müasir dillərimiz ilə yanaşı, qədim əlifbamızın da öyrənilməsi vacibdir. Bu, tarixi bağlarımızı daha da möhkəmləndirərək bizi bir-birimizə daha da yaxınlaşdıracaq".
Deputat 2026-cı ildə Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinin geniş qeyd olunacağını xatırladıb:
"Bir əsr öncə bu qurultayda iştirak edən görkəmli ziyalılar, alimlər Türk dünyasının bu günkü mənzərəsini - elm, təhsil, mədəniyyətdə sıx əməkdaşlıq edən, bir-birinə dayaq olan, ortaq gələcəyə inamla irəliləyən birliyini arzulayırdılar.
Bu gün həmin arzular Azərbaycanın dövlət siyasətinin əsas prioritetləri sırasında konkret addımlarla və uğurlu nəticələrlə öz parlaq təcəssümünü tapır.
Müasir dövrdə cənab Prezident bu tarixi missiyanı böyük siyasi-diplomatik məharətlə həyata keçirir və ölkəmiz bu gün Türk dünyasının mühüm aparıcı sütunlarından biri kimi çıxış edir".