BSU-da Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilib - YENİLƏNİB
- 04 oktyabr, 2025
- 14:02
Bakı Slavyan Universitetində Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilib.
"Report"un məlumatına görə, tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşları və təhsil nümayəndələri iştirak edib.
"Konstitusiya və Suverenlik İli"nə həsr edilən Beynəlxalq Forum "Daha təhsilli gələcək" devizi ilə reallaşıb.
Forumda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, Baltaş Qrupun rəhbəri, tanınmış türkiyəli psixoloq Acar Baltaş təcrübələrini bölüşüblər. Əsas mövzu təhsildə emosional və süni zəkanın balansı, təhsil prosesinin bütün tərəflərini özünün ən yaxşı versiyası olmaq prosesi ətrafında müzakirələr aparılıb.
Forumda iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev vurğulayıb ki, hansı ölkədə təhsilə diqqət və qayğı göstərilirsə, insan kapitalına investisiya yatırılırsa, həmin ölkə inkişaf edir:
"Yeni texnologiyalar, süni intellekt, rəqəmsallaşma, iqlim dəyişiklikləri kimi qlobal çağırışlar artıq təhsildə də yeni yanaşmaların formalaşmasını zəruri edir".
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxışında qeyd edib ki, bu gün Azərbaycanda təhsil həm də Qarabağa Qayıdıb.
Rektor əlavə edib ki, təhsil müəssisələrində, həmçinin Bakı Slavyan Universiteti də müasir əmək bazarı üçün kadrların hazırlanması üzrə işlər aparılır:
"Təhsildə inklüzivliyin təşkili əsas hədəflərdəndir".
OECD Təhsil və Bacarıqlar Departamentinin direktoru Andreas Şleyxer qeyd edib ki, müəllimlərin birgə fəaliyyət imkanları artdıqca, onların öz peşəkar bacarıqlarına olan inamı da yüksəlir:
"Əməkdaşlıq edən müəllimlər daha çox öyrənir, paylaşır və daha çox təsir göstərir. Məktəbdə birlikdə qərar vermək və məsuliyyət daşımaq mədəniyyətini formalaşdırmaq lazımdır".
Onun sözlərinə görə, süni intellektin təhsil sisteminə inteqrasiyası müəllimlərin rolunu azaltmamalı, əksinə onların yaradıcılığını ön plana çıxarmalıdır.
Forum müzakirələrlə davam etdirilib.
Bakı Slavyan Universitetində (BSU) Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumu keçirilir.
"Report" xəbər verir ki, beynəlxalq forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin tərəfdaşlığı, Bakı Slavyan Universiteti və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə reallaşır.
Forumun keçirilməsində məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, hər kəs üçün keyfiyyətli təhsil, xarakter və iradə tərbiyəsi, emosional və süni zəkanın balansı məsələlərinə diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə töhfə verməkdir.
Forumda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, Baltaş Qrupun rəhbəri, tanınmış türkiyəli psixoloq Acar Baltaş, Britaniya Təhsil Təchizatçıları Assosiasiyasının baş direktoru Kəralayn Rayt, Riqa Klassik Dövlət Gimnaziyasının direktoru Roman Əliyev, Baltaş Qrupunun qurucusu, tanınmış türkiyəli psixoloq Zuhal Baltaş, xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində Harvard Universitetində təhsilin siyasəti və təhlili üzrə magistratura təhsili almış Lalə Əliyeva, Estoniya Karyera Təhsil Akademiyasının rəhbəri Sənəm Əli təqdimatlarla çıxış edərək öz təcrübələrini bölüşəcəklər.