Baş müəllim: Qarabağ Universitetinin laboratoriyaları tələbələrin hazırlığında mühüm rol oynayacaq
- 22 sentyabr, 2025
- 15:17

Qarabağ Universitetinin laboratoriyaları tələbələrin praktik hazırlığında mühüm rol oynayacaq.
Bunu "Report"un Xankəndiyə ezam edilmiş əməkdaşına açıqlamasında Qarabağ Universiteti Sağlamlıq elmləri fakültəsinin baş müəllimi Hikmət Məmmədov deyib.
O bildirib ki, klinikada fəaliyyət göstərən birinci laboratoriyanın əsas fəaliyyəti tələbələrin 1, 2 və 3-cü kursda öyrəndikləri sitologiya və biokimya fənlərindən öyrəndikləri nəzəri biliklərin praktik məşğələlərlə möhkəmlənməsinə yönəlib:
"Klinikada yaradılmış laboratoriyalar ən müasir avadanlıqlarla təchiz edilib. Tələbələrin laborator çalışmaları onların praktik inkişaf və hazırlığında mühüm rol oynayacaq".

Qarabağ Universiteti klinikasının nəzdində yaradılmış ikinci laboratoriyanın rəhbəri Yusif Əfəndizadə isə qeyd edib ki, bu struktur tələbələrin ixtisaslı kadr kimi yetişmələrinə töhfə verəcək:
"Olduğumuz bu tədqiqat laboratoriyasında sıfırdan başlayaraq kimya, biologiya, biokimya, klinik testlərin analizləri aparılacaq. Tələbələr burada təhsil alacaqları altı il ərzində tədqiqat laboratoriyalarında çalışaraq nəzəri biliklərini təcrübə ilə təkmilləşdirəcəklər".