Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını avqustda 47 % artırıb

Energetika
  • 22 sentyabr, 2025
  • 16:34
Gürcüstan Azərbaycandan neft və neft yağlarının alışını avqustda 47 % artırıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 50,23 milyon ABŞ dolları dəyərində 72,96 min ton neft və neft yağları idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 39 %, kəmiyyət olaraq 19 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana neft və neft yağları ixrac edən ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

Təkcə avqust ayında isə Gürcüstan Azərbaycandan 12,21 milyon ABŞ dolları dəyərində 17,8 min ton neft və neft yağları alıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 34 % və 47 % çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 846,12 milyon ABŞ dolları dəyərində 1 milyon 125 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 4 % az və 8 % çoxdur.

Bu ilin ilk 8 ayında Gürcüstana Rusiyadan 356,54 milyon ABŞ dolları dəyərində 511 min ton, Rumıniyadan 159 milyon ABŞ dolları dəyərində 211 min ton, Bolqarıstandan 126 milyon ABŞ dolları dəyərində 171 min ton, Türkiyədən 55 milyon ABŞ dolları dəyərində 59 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 1,2 milyard ABŞ dolları dəyərində 1,4 milyon ton neft və neft yağları alıb ki, bunun da 75,9 milyon ABŞ dolları dəyərində 95,95 min tonu Azərbaycanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti