Su hövzələrində balıqlar kəskin azalıb: tədqiqat aparılmır, vahid strategiya yoxdur - ARAŞDIRMA
- 30 oktyabr, 2025
- 12:43
Xəzər dənizinin dayazlaşması, eləcə də çaylarda sululuğun azalması bu gün regionun ən ciddi ekoloji problemlərindən birinə çevrilib. Bu vəziyyət təkcə ekosistemin tarazlığını pozmur, limanların fəaliyyətində çətinliklər, sahilboyu yaşayış məntəqələrində sosial-iqtisadi problemlər yaratmaqla yanaşı, həm də balıq ehtiyatlarının kəskin azalmasına səbəb olur.
Son illər Xəzər dənizi ilə bərabər, Azərbaycanın daxili su hövzələrində - Kür, Araz çayları, Mingəçevir, Ceyranbatan və digər su hövzələrində bioloji müxtəliflik baxımından dəyişikliklər müşahidə olunur. Xüsusilə, balıq ehtiyatlarının azalması diqqət çəkir. Ekspertlər bildirirlər ki, Xəzərin simvoluna çevrilən nərə, eləcə də qızıl balıq və kütüm kimi növlər indi tükənmə təhlükəsi ilə üz-üzədir. Eyni proses ölkənin daxili göl və çaylarında da müşahidə edilir: balıq növlərinin sayı azalır, populyasiya üçün təbii şərait pisləşir.
Mütəxəssislərin fikrincə, bu azalma çoxfaktorlu problemdir. Əsas səbəblər arasında ekoloji çirklənmə, qanunsuz və nəzarətsiz balıq ovu, iqlim dəyişikliklərinin su rejiminə təsiri, eləcə də balıq nəslinin artırılması və su bioresurslarının idarə olunmasında boşluqlar xüsusi yer tutur.
Brakonyerlik, neft qalıqları...
Həvəskar balıqçı Elşad Məmmədli "Report"a bildirib ki, son illər həm Xəzər dənizində, həm də çaylarda balıq ehtiyatlarının azalması müşahidə edilir:
"Ən böyük səbəb çaylarda və Xəzərdə su səviyyəsinin azalmasıdır. Bu səbəbdən balıqlar daha dərinliklərə çəkilib. Lakin bu, yeganə səbəb deyil. Son illərdə brakonyerlik də artıb. Balıqlar kütləvi ovlanır. Dənizə və digər su hövzələrinə sintetik torlar atılır. Populyasiya dövründə balıqlar Xəzərdən çay və kanallara doğru hərəkət edirlər. Qanunsuz torlar populyasiya dövründə balıqların təbii yolla kanala getməsinin qarşısını alır. Kürü qoymaq üçün kanallara gedən balıqlar torlara düşərək məhv olur".
Balıqçı əlavə edib ki, bəzən dəniz səthinə yığılan neft qalıqları da balıqların tələfinə səbəb olur.
Onun sözlərinə görə, mövcud problemin həlli üçün davamlı olaraq su hövzələrinə balıq körpələri buraxılmalıdır. Qanunsuz balıq ovlarına qarşı nəzarət tədbirləri gücləndirilməlidir.
Nərə və qızıl balıq növləri tükənmək üzrədir
Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi Süleyman Süleymanov da "Report"a bildirib ki, son illər Xəzər dənizində və daxili su hövzələrində ekoloji şərait dəyişib. Suyun səviyyəsinin mütəmadi azalmasına iqlim dəyişiklikləri, çirklənmə və insan fəaliyyəti səbəb olur:
"Bu, su hövzələrində yaşayan canlılara təsir edir. Xəzərdə dəniz balıqları ilə yanaşı, keçici və yarımkeçici balıqlar da var. Mövcud problem dəniz balıqlarına nisbətən az təsir göstərir. Lakin hazırda dəniz suyu sahildən 200–400 metr geri çəkilib. Yarımkeçici balıqların kürüləmə yerləri ilə əlaqələri kəsilib. Keçici balıqlar dənizdə yaşasalar da, kürü tökmək üçün onlar da çaylara gedirlər. Təəssüf ki, çaylarda da su səviyyəsi azalıb. Kür çayı bir sıra hallarda dənizə çata bilmir. Xəzər dənizində yaşayan nərə və qızıl balıq növləri tükənmək üzrədir".
Mütəxəssis vurğulayıb ki, daxili su hövzələrində, məsələn, Varvara (Kür çayının üzərində, Mingəçevir SES-dən 20 km aşağıda yerləşir - red.) və Mingəçevir kimi su anbarlarında da su səviyyəsi dəyişir. Əsas problemlərdən biri çirklənmə və insan faktorudur:
"Dənizdə yaşayan siyənək, kilkə və kefal balıqlarının sayını artırmaq lazımdır. Yarımkeçici balıqların vəziyyəti qənaətbəxş deyil, çünki kürü tökə bilmirlər. Onların bərpası üçün 3-4 il vaxt lazımdır. Əgər nəzarət güclənsə, bu növləri bərpa etmək mümkündür. Artıq balıqların təbii yolla çoxalması, demək olar ki, mümkün deyil. Başqa alternativimiz yoxdur".
"Vahid strategiya yoxdur"
"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı isə qeyd edib ki, iqlim dəyişikliyi və su ehtiyatlarının azalması bu məsələyə ciddi təsir göstərir:
"Son 3-4 ildə Salyan rayonunun ərazisinə qədər dəniz suyunun Kür çayına daxil olması müşahidə edilir. Bu da, təbii ki, balıq ehtiyatlarına mənfi təsir göstərir. Lakin mövcud problemin səbəbi təkcə iqlim deyil, antropogen faktorlardır. Qanunsuz balıq ovlamaları, eləcə də Xəzərin bəzi hissələrində neft qalıqlarının qalması vəziyyəti daha da pisləşdirir".
O əlavə edib ki, Azərbaycanın daxili su hövzələrində də balıq ehtiyatları ilbəil azalır:
"Balıq ehtiyatının artırılması üçün tədbirlər görülməlidir, Təəssüf ki, bu sahədə müəyyən axsamalar müşahidə olunur".
Z.Salmanlının sözlərinə görə, əvvəllər fəaliyyət göstərən Balıqçılıq Elmi-Tədqiqat İnstitutu su hövzələrində və dənizdə balıqların sayı, kvotalar və qiymətləndirmələrə nəzarət edirdi. Hazırda isə bu istiqamətdə vahid strategiya yoxdur:
"Müşahidələr göstərir ki, demək olar, bütün balıq növlərində azalma var. Nərə və qızıl balıq kimi qiymətli növlər böyük risk altındadır".
O, həmçinin əlavə edib ki, hazırda özəl sektorla Kənd Təsərrüfatı Nazirliyi arasında bu sahədə birgə işlər aparılır:
"Ümid edirik ki, qarşıdakı 3-4 il ərzində bu əməkdaşlığın nəticəsində balıq ehtiyatlarının bərpası istiqamətində müsbət nəticələr əldə olunacaq"
Xəzərdə balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi tam şəkildə aparılmır
Kənd Təsərrüfatı Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Xəzər dənizində su səviyyəsinin dəyişməsi, ekoloji tarazlığın pozulması və təbii resurslardan qeyri-rasional istifadə dənizin bioloji müxtəlifliyində və balıq ehtiyatlarında azalmaya səbəb olur:
"Balıq sayının azalmasına təsir edən əsas amillər bunlardır: ekoloji çirklənmənin artması, təbii resurslardan qanunsuz istifadə, Xəzər dənizinə tökülən çaylarda su səviyyəsinin aşağı düşməsi, su həcminin azalması və balıqların kürüləmə sahələrinin məhdudlaşması nəticəsində təbii prosesin pozulması".
Nazirlikdən qeyd edilib ki, son illərdə Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi tam şəkildə aparılmadığı üçün yekun qiymətləndirmə hələlik mövcud deyil. Hazırda Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət həyata keçirilir:
"Bu əməkdaşlıq çərçivəsində xarici nümayəndələrin, eləcə də yerli alim və mütəxəssislərin iştirakı ilə Xəzər dənizində balıq ehtiyatlarının qiymətləndirilməsi üzrə monitorinqlər aparılacaq. Nəticələr təhlil edildikdən sonra real vəziyyət barədə daha dəqiq fikir bildirmək mümkün olacaq. Yekun nəticələr ictimaiyyətə təqdim ediləcək".
Məlumat üçün qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu ay Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə ekspedisiya keçirilib. Tədqiqatın məqsədi balıq və digər su bioresurslarının populyasiyasını, biomüxtəlifliyi və ekoloji vəziyyəti qiymətləndirmək, elmi məlumatlar əsasında 2026-cı il üçün balıq ov kvotalarını müəyyənləşdirməkdir. Ekspedisiya nəticələri əsasında hazırlanacaq məlumatlar Nazirlər Kabinetinə təqdim ediləcək.
Qazaxıstan və Çin balıq ovuna necə nəzarət edir?
Sonda qeyd edək ki, bir sıra ölkələrdə balıq ehtiyatlarının azalmasının qarşısını almaq üçün davamlı islahatlar həyata keçirilir. Bu istiqamətdə Xəzər regionu dövlətləri arasında Qazaxıstan diqqətçəkən təcrübəyə malikdir. Balıqçılıq fəaliyyətinə dair icazələr yalnız elektron sistem üzərindən verilir və ov, daşınma, satış, rəqəmsal izləmə sistemi vasitəsilə nəzarətə götürülüb. Bundan əlavə, İrtış, Ural və İli çaylarında ekoloji bərpa layihələri həyata keçirilir, çay yataqları təmizlənir.
2025-ci ilin fevralından başlayaraq Qazaxıstan müəyyən növ balıqların, o cümlədən qızıl balığın ixracına 6 aylıq müvəqqəti qadağa qoyub. Bu, yerli ehtiyatların qorunması məqsədi daşıyır.
Türkiyəyə gəlincə, Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin "Türkiyənin daxili sularının balıqlandırılması layihəsi" çərçivəsində göl, su anbarı və çaylara minlərlə balıq körpəsi buraxılır. Bu sahədə hüquqi və inzibati nəzarət də mühüm rol oynayır. Balıq ovu üçün növ, ölçü, mövsüm və ov vasitələri üzrə məhdudiyyətlər tətbiq edilir.
Çində uzaqməsafəli balıqçılıq donanmasını izləmək üçün bir sistem mövcuddur. Bu sistemə əsasən, gəmilər GPS vasitəsilə hər saat mövqeləri barədə hesabat təqdim etməlidir. Bununla da səlahiyyətli qurum balıq ovunu və gəmilərin fəaliyyətini, demək olar ki, real vaxt rejimində izləyə bilir.
Azərbaycanda da balıq ehtiyatlarının qorunması və ya artırılması istiqamətində zaman-zaman müəyyən addımlar atılır. Bu baxımdan, fərqli su hövzələrinə balıq körpələrinin buraxılmasını misal göstərə bilərik. Bununla belə, həm ekspertlərin həyəcan təbilini, həm də beynəlxalq təcrübəni göz önünə alaraq deyə bilərik ki, bu istiqamətdə ciddi islahatların aparılmasına hələ də ehtiyac var.