Rəvan Həsənov: Müasir dövrdə təhsil sistemində yeni metodoloji yanaşmaların tətbiqi zərurətə çevrilib
- 22 oktyabr, 2025
- 11:54

Müasir dövrdə təhsil sistemində yeni metodoloji yanaşmaların tətbiqi zərurətə çevrilib.
"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBAM) icraçı direktoru Rəvan Həsənov oktyabrın 22-də Bakıda "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" keçirilən beynəlxalq simpoziumda deyib.
Onun sözlərinə görə, Azərbaycanın 2015-ci ildə hazırladığı "Multikulturalizm" fənni hazırda 27 xarici ali təhsil müəssisəsində tədris edilir:
"Bunun başlıca səbəbi ölkənin yaratdığı multikulturalizm modelinin dünyada maraqla qarşılanmasıdır. Müasir dövrdə təhsil sistemində yeni metodoloji yanaşmaların tətbiqi zərurətə çevrilib. Qlobal vətəndaşlıq kimliyi, niyyətə əsaslanan kimlik problemi, multikultural tədris metodikasının işlənməsi, etik dəyərlərin təlimi kimi mövzular artıq təhsil proqramlarının ayrılmaz hissəsi olmalıdır.
Xüsusilə Qərb universitetlərində bunu açıq şəkildə müşahidə edirik. Məsələn, "Religious and Global Ethics", "Religious and Law" kimi fənlər bir neçə ixtisasın sintezi kimi formalaşaraq yeni akademik istiqamətlərin yaranmasına səbəb olub. Bu isə müasir dünyanın zəruri tələbinə çevrilib".