Ramin Məmmədov Vatikan kardinalını Bakıda inşa edilən katolik kilsəsinin sahəsi ilə tanış edib
- 22 oktyabr, 2025
- 09:58

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın Yevangelizasiya üzrə Dikasteriyasının pro-prefekti kardinal Luis Antonio Taqleni Bakıda inşa edilən Müqəddəs II İohann Pavel kilsəsinin sahəsi ilə tanış edib.
Bu barədə "Report"a Dövlət Komitəsindən bildirilib.
Dini Komitənin sədri Azərbaycanda dövlət-din münasibətləri modeli, dinlərarası harmoniya, tolerantlıq və multikulturalizm ənənələri barədə ətraflı məlumat verib.
R.Məmmədov Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətlərarası dialoqun inkişafına xidmət edən təşəbbüsləri və Heydər Əliyev Fondunun Roma Katolik Kilsəsi ilə əməkdaşlığının multikultural dəyərlərə həssas münasibətin nümunəsi olduğunu vurğulayıb.
Luis Antonio Taqle katolik icmasının fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını bildirib. Azərbaycanda mövcud olan multikulturalizm mühitinin və tolerantlıq ənənələrinin təqdirəlayiq olduğunu qeyd edib.
Yeni katolik kilsəsinin tikintisinin katolik icmasına göstərilən xüsusi qayğının və Azərbaycanla Müqəddəs Taxt-Tac arasında dostluq, qarşılıqlı hörmət ruhunda inkişaf edən münasibətlərin təzahürü kimi dəyərləndirilib.