Ramin Məmmədov Sumqayıtda dini ibadətgahları ziyarət edib
- 06 fevral, 2026
- 10:11
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sumqayıtda yerləşən "Cümə", "Ceyhun xanım və Hacı Əhməd" məscidlərinin, "Müqəddəs Sarovlu Serafim" kilsəsi və "Sumqayıt Yəhudiləri" dini icmasının ibadət evinin fəaliyyəti ilə tanış olub, din xadimləri ilə görüşüb.
Bu barədə "Report"a komitədən məlumat verilib.
Qeyd edilib ki, görüşlər zamanı Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə dini tolerantlıq və multikulturalizm dövlət siyasətinin prioritet istiqamətləri kimi ardıcıl dəstəkləndiyini vurğulayıb. Komitə sədri bildirib ki, dini sahədə həyata keçirilən dövlət siyasəti təsadüfi xarakter daşımır, milli maraqlara əsaslanan, düşünülmüş və uzunmüddətli strategiyanın tərkib hissəsi olmaqla cəmiyyətdə ideoloji bütövlüyün möhkəmləndirilməsinə, dini müxtəlifliyin milli həmrəyliyin əsas dayaqlarından birinə çevrilməsinə xidmət edir.
Ramin Məmmədov söyləyib ki, dövlət-din münasibətlərində tarazlığın qorunması, radikal meyillərə qarşı preventiv yanaşmanın tətbiqi və sağlam dini mühitin təşviqi Azərbaycanın sabitlik və təhlükəsizlik modelinin mühüm elementlərindəndir.
Komitə sədri, eyni zamanda sosial şəbəkələrdə dini mövzuların məsuliyyətli və düşünülmüş şəkildə təqdim edilməsinin vacibliyinə toxunub. Bildirilib ki, rəqəmsal platformalar vasitəsilə dini biliklərin təhrif olunmuş formada yayılması cəmiyyət üçün ideoloji risklər yarada bilər. Bu baxımdan din xadimlərinin sağlam dini düşüncənin və milli-mənəvi dəyərlərin təbliğində fəal mövqe tutmasının əhəmiyyəti vurğulanıb, radikal və yad ideoloji təsirlərin qarşısının alınmasında sosial medianın maarifləndirici imkanlarından məqsədyönlü istifadənin önəmi qeyd edilib.
Din xadimləri ölkədə formalaşmış birgəyaşayış ənənəsinin davamlı inkişafına, dini icmaların azad, qanunvericiliyə uyğun fəaliyyət göstərməsi üçün yaradılan əlverişli şəraitə, habelə dövlət-din münasibətlərinin qarşılıqlı hörmət və etimad prinsipləri əsasında tənzimlənməsinə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.