Ramin Məmmədov: Azərbaycanda yaşayan bütün dini icmalara hörmət və həssaslıq nümayiş etdirilir

Din
  • 09 oktyabr, 2025
  • 11:30
Ramin Məmmədov: Azərbaycanda yaşayan bütün dini icmalara hörmət və həssaslıq nümayiş etdirilir

Azərbaycanda din dövlətdən ayrıdır. Buna baxmayaraq, dövlət ölkədə yaşayan bütün dini icmalara hörmət və həssaslıq nümayiş etdirir.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-də "İnkişaf üçün yolların qurulması: Dini etiqad azadlığının regional, milli və beynəlxalq mühafizəsi" mövzusunda keçirilən 32-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxışı zamanı deyib.

O, Azərbaycanda dini etiqad azadlığı, multikulturalizmin təşviqində cəmiyyətin rolu və dövlət siyasətinin qarşılıqlı əlaqəsi barədə danışıb.

"Bütün dini icmalara hörmət yanaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı siyasət və təşəbbüslərdə, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və inşası da daxil olmaqla, dini ibadət yerlərinə göstərilən dövlət dəstəyində təzahür edir. Azərbaycan tolerantlıq və dinlərarası harmoniya modelini daha da gücləndirib. Dövlət müxtəlif dini icmalara maliyyə yardımları və institusional dəstək göstərərək onların sərbəst fəaliyyəti üçün zəruri şərait yaradır", deyə Komitə sədri əlavə edib.

Bu siyasətin işğaldan azad olunmuş ərazilərimizdə də uğurla davam etdirildiyini bildirən Ramin Məmmədov qeyd edib ki, Qarabağda ciddi zərər görmüş dini abidələrimiz üçün yeni bir mədəni və mənəvi dirçəliş dövrü başlanıb:

"Bərpa işləri yalnız İslam irsinin deyil, eyni zamanda regionun zəngin və çoxşaxəli tarixi irsini əks etdirən xristian abidələrinin də qorunub saxlanmasına xidmət edir. Bu addımlar Azərbaycanın dini-mədəni müxtəlifliyi qoruyaraq gələcək nəsillərə ötürən ardıcıl və prinsipial siyasətinin nümunəsidir. Din azadlığının təkcə hüquqi sənədlərdə deyil, eyni zamanda institusional səviyyədə qorunması önəmlidir. Bu sahədə uğurlu nümunələrin tətbiqi əhəmiyyətlidir".

Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov simpoziumdakı çıxışında dünyada mövcud olan dünyəvi dövlət modellərini şərh edib. Azərbaycanın müsəlman şərqində dünyəvi hüquq sistemini qəbul edən və fərqli din, məzhəblərə mənsub şəxslərə bərabər imkanlar təmin edən ilk ölkə olduğunu bildirib. Rektor həmçinin vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutu neytral və elmi yanaşmaya söykənən təhsil verir. İslamın bütün məzhəblərinin yanaşmaları obyektiv şəkildə təqdim olunur, eyni zamanda dünya dinləri haqqında müzakirələr elmi təsvir metoduna əsaslanır. Bu baxımdan İnstitut İslam dünyasında nadir və nümunəvi model sayılır.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində Briqam Yanq Universitetində təşkil edilən kursda Azərbaycan dilini öyrənən tələbələrlə də görüşüb. Görüş zamanı Ramin Məmmədov tələbələrə Azərbaycan tarixi, mədəniyyəti, dili və ölkəmizdə mövcud olan multikultural dəyərlər barədə məlumat verib.

Tələbələr Azərbaycana, xalqımızın tarixi və mədəniyyətinə dair məlumatları maraqla qarşıladıqlarını bildiriblər. Gələcəkdə Azərbaycan haqqında daha dərindən öyrənmək, ölkəmizin tarixi, mədəni irsi, adət-ənənələri və ictimai mühiti ilə daha yaxından tanış olmaq arzusunda olduqlarını ifadə ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti