Moratinos: Azərbaycan dinlərarası forumlara yüksək səviyyədə ev sahibliyi edir
- 18 sentyabr, 2025
- 17:53

Azərbaycan dinlərarası forumlara yüksək səviyyədə ev sahibliyi edir.
"Report" xəbər verir ki, bunu BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.
Dünya və Ənənəvi Dinlərin liderlərinin VIII Astana Qurultayında baş tutan görüşdə BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan və dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.
M.A. Moratinos islamofobiyaya qarşı mübarizə üzrə səlahiyyətli olduğunu xatırladaraq Azərbaycanın bu müstəvidə fəal olduğunu qeyd edib, gələcəkdə birgə konfransların təşkilinə dair fikirlərini bölüşüb.
O, Azərbaycanın multikulturalizm modeli, dinlərarası tolerantlıq və məzhəblərarası anlaşma modellərinin dünya ictimaiyyəti üçün önəm kəsb etdiyini, bunların davamlı təşviqinin vacibliyini xüsusi vurğulayıb.