İlahiyyat İnstitutunda şəhidin həyatından bəhs edən "Rəşadətli ömür" filmi nümayiş olunub
- 26 sentyabr, 2025
- 16:51

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə şəhid Rəşad Zeynallının ailəsi, Aİİ-nin və Bakı İlahiyyat Kollecinin kollektivi iştirak ediblər.
Şəhidlərin ruhunun birdəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Dövlət Himni səsləndirilib.
Daha sonra İlahiyyat fakültəsinin II kurs tələbəsi Cəlal Cəfərli tərəfindən şəhidlərin ruhuna Quran tilavəti təqdim edilib.
Aİİ-nin rektoru Aqil Şirinov Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitləri, bütün şəhidləri dərin ehtiramla yad edib:
"Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək məğlubedilməz ordu, bütövlükdə xalq bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdik. Biz Azərbaycanın necə qüdrətli dövlət, yenilməz xalq olduğunu bütün dünyaya göstərdik. İndi Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni vandalları tərəfindən dağıdılmış, yerlə-yeksan edilmiş əzəli və əbədi torpaqlarda yenidən bərpanın, doğma yurdlarına qayıdan insanların sevincinin şahidi oluruq".
Şəhid atası Qiyas Zeynallı oğlu haqqında məlumat verib, onun haqqında xatirələrini mərasim iştirakçıları ilə bölüşüb.
Tədbirdə şəhid Rəşad Zeynalının həyatından bəhs edən "Rəşadətli ömür" filmi nümayiş olunub. Film şəhidin valideynlərinin arzusu, məktəb kollektivinin təşəbbüsü, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Yasamal Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çəkilib.
Filmin ideya müəllifi Emilya Səfərəliyeva, quruluşçu rejissoru Elmar Əli Oruc, ssenari müəllifi Çimnaz Ağakişiyevadır.