ADB Azərbaycanda universal səhiyyə əhatəsini dəstəkləməyi planlaşdırır
- 19 noyabr, 2025
- 21:09
Asiya İnkişaf Bankı (ADB) "Universal səhiyyə əhatəsinin (UHC) UHC PEERS bilik və resurs mübadiləsi şəbəkəsi vasitəsilə dəstəklənməsi" adlı regional layihəyə texniki yardımın göstərilməsi imkanlarını nəzərdən keçirir.
"Report" ADB- yə istinadən xəbər verir ki, layihə Azərbaycan da daxil olmaqla 43 ölkəni əhatə edir. 495 min ABŞ dolları məbləğində vəsaitin Xüsusi Texniki Yardım Fondu vasitəsilə ayrılması planlaşdırılır.
Layihə region ölkələrinin universal səhiyyə əhatəsinə doğru irəliləmək səylərinin dəstəklənməsinə yönəlib. Təşəbbüs çərçivəsində ADB dövlət siyasəti sahəsindəki mütəxəssislərdən və praktiklərdən ibarət şəbəkə yaradacaq. Bu şəbəkə səhiyyə sahəsində təcrübə mübadiləsi və həll yollarının birgə hazırlanması ilə məşğul olacaq.
Texniki yardımda aşağıdakı iş istiqamətləri nəzərdə tutulub: region ölkələrində və onun xaricində UHC-nin tətbiqi üzrə qabaqcıl təcrübə və bilik bazasının formalaşdırılması; səhiyyə üçün gender yönümlü rəqəmsal alətlər də daxil olmaqla həll yollarının hazırlanması; ölkələr arasında bərabər şərtlərlə təcrübə mübadiləsinə dəstək; özəl sektorun iştirakı da daxil olmaqla şəbəkələr və peşəkar alyanslar vasitəsilə potensialın birgə artırılması; bilik mübadiləsi üçün onlayn platformaların yaradılması.
Universal səhiyyə əhatəsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə daxil edilməsinə baxmayaraq, Asiya və Sakit Okean regionunun bir çox dövlətləri hələ də UHC-yə nail olmaqda geridədir. Regionda əhatə indeksi 2000-2021-ci illərdə 45 bənddən 68 bəndə qədər artsa da, irəliləyiş nəzərəçarpacaq dərəcədə yavaşlayıb: 2015-ci ildən 2021-ci ilədək cəmi 3 bənd artım olub, 2019-cu ildən sonra isə artım dayanıb.
Əsas problemlər sırasında qeyri-formal sektordakı işçilərin əhatə səviyyəsinin aşağı olması; xidmətlərin keyfiyyətinin təmin edilməsi; dələduzluğun qarşısının alınması; təchizatçılara ödəniş sistemlərinin islahatı; rəqəmsal texnologiyalar və süni intellektin zəif istifadəsi; əhalinin birbaşa xərclərinin yüksək payı - bir çox ölkələrdə 40 %-dən artıq; səhiyyəyə ayrılan orta xərclərin az olması (ÜST-ün tövsiyəsi əsasında minimum 86 dollara qarşı adambaşına təxminən 40 dollar) yer alır.
"COVID-19 pandemiyası vəziyyəti daha da mürəkkəbləşdirib: 2021-ci ildə ölkələrin 92 %-də əsas tibbi xidmətlərdə pozuntular yaranıb, 25 milyon uşaq isə tam peyvənd olunmayıb. Daha dayanıqlı UHC sistemlərinə malik olan ölkələr böhrandan daha asanlıqla çıxıblar", - bank vurğulayır.
ADB özəl sektorun fəal şəkildə cəlb edilməsinin zəruriliyini qeyd edir. Rəqabətlə bağlı narahatlıqlara baxmayaraq, özəl strukturların iştirakı dayanıqlı səhiyyə sistemlərinin mühüm elementi hesab olunur. Texniki yardım çərçivəsində ölkələr UHC-nin işlənməsi və tətbiqi, tibbi xidmətlərin əlçatanlığı və keyfiyyətinin təmin edilməsi ilə bağlı məsləhətlər, eləcə də regional bilik platformasına giriş əldə edəcək.