Dövlət Komitəsinin sədri Sabirabadda məscidləri ziyarət edib
- 21 noyabr, 2025
- 11:57
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Sabirabadda "Heydər" məscidi və Əhmədabad kənd məscidini ziyarət edib.
Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı din xadimləri ilə görüşlər keçirilib, bölgədəki dini durum müzakirə edilib.
Görüşlərdə əsas diqqət dini maarifləndirmənin gücləndirilməsi, dini ayinlərin icrasında vahid yanaşmanın tətbiqi kimi praktiki məsələlərə yönəldilib.
Dövlət Komitəsinin sədri qeyd edib ki, dini sahədə maarifləndirmə işinin təşkili və gənclərin zərərli təsirlərdən qorunması bölgələr üçün xüsusi əhəmiyyət kəsb edir.
R.Məmmədov bildirib ki, bölgələrdə din xadimlərinin hazırlıq səviyyəsinin artırılmasına və dini maarifçilik fəaliyyətlərinin sistemli şəkildə təşkil olunmasına dair çoxsaylı layihələr həyata keçirilir. Bu istiqamətdə görülən işlər həm din xadimlərinin fəaliyyətini asanlaşdırır, həm də ümumi dini mühitə müsbət təsir göstərir.
Din xadimləri məscidlərin bərpası, yeni ibadət evlərinin tikintisi, dini icmalara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdar olduqlarını bildiriblər.
Görüşlər zamanı din xadimlərinin təklifləri dinlənilib və onları maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.