Bakıda keçirilən müasir din təhsili modellərinə həsr edilmiş simpozium başa çatıb
- 23 oktyabr, 2025
- 15:59

Bakıda "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" mövzusunda keçirilən beynəlxalq simpozium keçirilib.
"Report" xəbər verir ki, simpoziumun təşkilində məqsəd Azərbaycanda və dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili və onların həlli məqsədilə irəli sürülən təkliflərin təmin edilməsi, bu istiqamətdə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.
Simpoziumun oktyabrın 22-də keçirilən birinci günündə dövlət rəsmiləri, dini konfessiya təmsilçiləri, yerli ali təhsil və tədqiqat müəssisələrindən olan nümayəndələrlə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərlərinin də yer aldığı 40-a yaxın alim və mütəxəssis iştirak ediblər.
Tədbirin açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin tolerantlıq və multikulturalizm siyasəti dini, mədəni müxtəlifliyi qorumaqla, həm də ölkəmizi dünyaya beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi təqdim etməyə imkan yaradır. Bu siyasətin müxtəlif etnik, dini qrupların sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayışını təmin etmək üçün sosial, mənəvi məsuliyyətin sərhədlərini dəqiq müəyyən etdiyini deyən Komitə sədri haqlı olaraq tolerantlıq və multikulturalizm dəyərlərimizlə fəxr etməli olduğumuzu diqqətə çatdırıb.
O vurğulayıb ki, Azərbaycan dövlətinin dini təhsil modeli də məhz bu prinsiplərə əsaslanır. Klassik İslam ənənələri, müasir pedaqoji yanaşmalar üzərində qurulmuş bu modeli təkmilləşdirmək qarşımızda duran əsas hədəflərdən biridir. Bu nöqteyi-nəzərdən simpoziumda aparılacaq elmi diskussiyaların təcrübə mübadiləsi baxımından həm Azərbaycan alimləri, həm də digər iştirakçılar üçün faydalı olacağını diqqətə çatdırıb.
Daha sonra Milli Məclis sədrinin müavini Rafael Hüseynov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev çıxış ediblər.
Çıxışlarda Azərbaycanın dünyəvi dövlət olduğu və bu səbəbdən dini təhsilə dünyəvi dövlət modeli çərçivəsində yanaşmanın vacibliyi diqqətə çatdırılıb. Bildirilib ki, müasir çağırışlara cavab verən yeni yanaşmalar və ictimai sifarişə əsaslanan elmi müzakirələr din təhsili sistemində mühüm yer tutur. Həmçinin, vurğulanıb ki, dini təhsilin müasir çağırışlara uyğun olması vətəndaşların maarifləndirilməsi və cəmiyyətin təhlükəsizliyi baxımından vacibdir.
İlk gündə "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" beynəlxalq simpoziumu plenar iclasla davam edib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov, Türkiyənin Kilis 7 Aralık Universitetinin rektoru Zekeriya Akman, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini Damir Muhetdinov, Pakistanın MUSLİM İnstitutunun sədri Sahibzadə Sultan Əhməd Əli, Qazaxıstanın "Nur-Mübarək" Misir İslam Mədəniyyəti Universitetinin rektoru Əhməd Hüseyn Məhəmməd İbrahim, Tbilisi Ruhani Akademiyası və Seminariyasının rektoru Giorgi Zviadadze, Rusiyanın Şeyx Abdulla Əfəndi adına İslam Universitetinin rektoru Arif Saidov və ABŞ-nin Baskerville İnstitutunun icraçı direktoru Bahman Baktiari plenar iclasda təqdimatlarla çıxış edərək, din təhsilinin təkmilləşdirilməsi istiqamətində vacib olan məsələlərə toxunublar.
Plenar iclasdan sonra simpozium panellərlə davam edib.
Panel sessiyalarda din təhsili sahəsindəki müxtəlif aspektlər, xüsusilə tarixi, ənənəvi və müasir yanaşmaların qarşılıqlı əlaqəsi geniş müzakirə edilib. Panel iştirakçıları din təhsilinin zamanla necə inkişaf etdiyini, müxtəlif mədəniyyətlərdə və cəmiyyətlərdə fərqli təcrübələrin necə formalaşdığını, həmçinin qlobal çağırışlara cavab olaraq din təhsilinin nə cür bir dəyişiklik və yenilənmə tələb etdiyini ətraflı şəkildə təhlil ediblər. Həmçinin, müxtəlif ölkələrin təhsil sistemlərindəki ənənəvi və müasir təcrübələrin qarşılaşdırılması, tolerantlıq, multikulturalizm və mənəvi dəyərlərin din təhsilindəki rolunun önəmi vurğulanıb. Müzakirələrdə din təhsilinin gələcəyinə dair yeni yanaşmalar və perspektivlər irəli sürülərək, təhsil sistemindəki dəyişikliklərin sosial və mədəni inkişafla necə əlaqələndirildiyi üzərində də geniş müzakirələr aparılıb.
Simpoziumun ikinci günündə təşkil edilən panellərdə isə din təhsili sahəsindəki aktual məsələlər və çağırışlar geniş müzakirə olunub. Panel iştirakçıları din təhsilinin həm əxlaqi və mənəvi dəyərlərin formalaşmasındakı rolu, həm də dünyəvi cəmiyyətlərdə dini təhsilin hüquqi və sosial çərçivələrini müzakirə edərək, bu sahədəki təcrübələr və nəzəri yanaşmaları bölüşüblər.
Oktyabrın 23-də keçirilən panel sessiyalarda həmçinin rəqəmsal dövrün gətirdiyi imkanlar və təhlükələrlə bağlı geniş fikir mübadiləsi aparılıb, ənənəvi dini təhsil metodlarının əhəmiyyətinə toxunulub, yeni media vasitələrinin (sosial media, video platformalar və s.) din təhsili sahəsindəki rolu və potensialı müzakirə olunub.
Müzakirələrdə yeni mediada dini məlumatın düzgün şəkildə yayılmasının və gənclərə etibarlı dini biliklərin çatdırılmasının vacibliyi qeyd olunub.
Beləliklə, Bakıda iki gün davam edən "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" mövzusunda keçirilən beynəlxalq simpozium öz işini yekunlaşdırıb.