QMİ sədri: Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam edəcək
- 16 dekabr, 2025
- 13:08
Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam edəcək.
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda çıxışı zamanı deyib.
O, BMT Sivilizasiyalar Alyansının iki onillik fəaliyyəti ilə özünü bəşəriyyətin mənafeyinə xidmət edən, qlobal problemlərin həllində dövlət, ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına töhfə verən mühüm beynəlxalq platforma olaraq təsdiq etdiyini və qurumun sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə nailiyyətlərinin təqdirəlayiq olduğunu vurğulayıb.
A.Paşazadə, həmçinin, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışı əks etdirən dəyərli tarixi təcrübəyə, dinlərarası tolerantlıq, məzhəblərarası anlaşma modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.
QMİ sədri bildirib ki, Azərbaycanda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları Prezident İlham Əliyevin müəllifi olduğu Bakı Prosesinin tərəfdaşı olan Sivilizasiyalar Alyansı ilə birgə əməkdaşlığımızın gözəl nəticələridir:
"Azərbaycan bundan əvvəl BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna evsahibliyi edib. Ölkəmizin BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı qarşıda nəzərdə tutulan birgə tədbirlərlə davam edəcək".
Şeyxülislam, eyni zamanda, Azərbaycanın BMT-nin məlum qətnamələri əsasında işğaldan azad etdiyi Qarabağda vandalizmə məruz qalmış dini-mənəvi irsini dirçəltdiyini, ölkənin bütün dinlərə məxsus məbədləri bərpa və yenidən quraraq bu gün bölgədə və dünya müstəvisində sülh gündəliyində fəal iştirakını, insan həmrəyliyinə xidmət edən təşəbbüslərin önündə getməsini qeyd edib.