Səfirlik İraq vətəndaşlarının Azərbaycana səfər zamanı çətinliklərlə üzləşməsi iddialarına cavab verib

Xarici siyasət
  • 28 oktyabr, 2025
  • 12:20
Səfirlik İraq vətəndaşlarının Azərbaycana səfər zamanı çətinliklərlə üzləşməsi iddialarına cavab verib

Son günlərdə Azərbaycana turizm məqsədilə səfər etmək istəyən İraq vətəndaşlarının çətinliklərlə üzləşdiyi barədə yayılan iddiaların heç bir əsası yoxdur və həqiqəti əks etdirməyən bu kimi məlumatların yayılması yanlışdır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı Səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, İraqda viza müraciətlərinin qəbulu və emalı prosesinin sürətləndirilməsi, Azərbaycana turizm məqsədilə səfər etmək istəyən İraq vətəndaşlarına daha keyfiyyətli xidmətin göstərilməsi, viza rəsmiləşdirilməsi məqsədilə saxta sənədlərlə müraciət edən şəxslərlə mübarizənin gücləndirilməsi məqsədilə Xarici İşlər Nazirliyi ilə müvafiq sahə üzrə ən irimiqyaslı beynəlxalq şirkət olan "VFS Global" arasında Anlaşma Memorandumu imzalanıb.

Bu memoranduma uyğun olaraq, İraq vətəndaşlarının, o cümlədən bu ölkədəki digər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədli viza müraciətlərinin qəbul edilməsi 10 iyul 2024-cü il tarixindən etibarən "VFS Global" şirkətinin Bağdad şəhərindəki ofisinin "Azərbaycan Viza Müraciətləri Mərkəzi" tərəfindən təşkil olunur. Azərbaycana səfər etmək istəyən hər bir İraq vətəndaşı viza rəsmiləşdirilməsi barədə zəruri məlumat əldə etmək məqsədilə Azərbaycanın İraqdakı Səfirliyi üçün fəaliyyət göstərən sözügedən "Viza Mərkəzi"nə müraciət edə bilər.

Azərbaycanın İraqdakı Səfirliyi və "VFS Global" şirkətinin Bağdad şəhərindəki ofisinin "Azərbaycan Viza Müraciətləri Mərkəzi" tərəfindən İraq vətəndaşlarının viza müraciətləri ilə bağlı sənədlərin qəbulu, icraatı və təhvil verilməsi Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mərkəz çərçivəsində bütün xidmətlər Anlaşma Memorandumunda müəyyən edilmiş vahid xidmət haqqları əsasında təşkil olunur.

Mərkəzin fəaliyyətinə Azərbaycanın İraqdakı Səfirliyi və "VFS Global" şirkətinin baş ofisi tərəfindən ciddi nəzarət edilir, həmin mərkəzin fəaliyyəti üzrə mütəmadi əsasda monitorinq aparılır.

Bununla yanaşı, müvafiq sahə üzrə şəffaflığın təmin edilməsi məqsədilə İraqda mənfi reputasiyaya malik turizm şirkətlərindən sənədlərin qəbul edilməsi qadağan olunub.

Aparılmış sözügedən tədbirlər nəticəsində Azərbaycana turizm məqsədilə səfər etmiş İraq vətəndaşlarının sayında ciddi artım müşahidə olunur. Belə ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycanla İraq arasında birbaşa uçuşların olmadığına və bu ilin iyun ayında İraqın hava məkanının bağlı olmasına baxmayaraq, bu ilin 27 oktyabr tarixinədək Səfirlik tərəfindən 5 min 904 müraciət qəbul edilib. Bunlardan 5 min 650 viza rəsmiləşdirilib (2024-cü il ərzində 4800 viza müraciəti qəbul edilib).

Müvafiq sahə üzrə daxil olan bütün müraciətlər, o cümlədən şikayətlər Xarici İşlər Nazirliyi və Səfirlik tərəfindən ciddi yoxlanılır və yoxlama nəticəsində müvafiq nöqsanlar qeydə alındıqda onların aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Son xəbərlər

Bütün Xəbər Lenti