Natalya Petkeviç Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub
- 29 oktyabr, 2025
- 16:14
Azərbaycanla Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Belarus tərəfdən Baş nazirin müavini Natalya Petkeviç rəhbərlik etdikləri nümayəndə heyəti ilə Ağdam şəhərində inşası davam edən 2-ci yaşayış kompleksinə baxış keçiriblər.
"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, baxış zamanı qonaqlara görülən işlərin gedişi, mərhələli icra qrafiki və kompleksin istifadəyə verildikdən sonra formalaşacaq şəhər mühitinin əsas xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, şəhərin təsdiq edilmiş Baş Planına uyğun olaraq Ağdamın mərkəzi küçəsində salınan kompleksin ümumi sahəsi təxminən 14 hektardır. Layihə çərçivəsində 1 268 mənzilli çoxmənzilli yaşayış binaları inşa olunur.Kompleksin ərazisinin böyük hissəsi yaşıllıq zonası olacaq. Binaların memarlıq həllində müasir yanaşmalarla yanaşı, milli naxış elementlərindən də istifadə edilir. Layihə çərçivəsində sakinlərin rahatlığı üçün zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.