Maliyyə naziri neftin büdcə qiymətinin necə müəyyən edildiyini açıqlayıb
- 04 noyabr, 2025
 - 14:12
 
                            
                            
                        "Azeri Light" markalı Azərbaycan neftinin dövlət büdcəsində nəzərdə tutulan qiymətinin müəyyən edilməsi il boyu davam edən prosesdir.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"2025-ci il bitdikdən sonra, 2026-cı ilin yanvar ayından hökumət 2027-ci ilin büdcəsinin detallı hazırlanması ilə məşğul olacaq. Bu zaman biz mütəmadi olaraq bütün beynəlxalq qiymətləndirici təşkilatların proqnozlarına nəzər salacağıq. Nazirliyin 22 belə qiymətləndirici təşkilatın rəqəmlərindən ibarət hovuzu var və bu hovuz çərçivəsində qiymət müəyyən edilir. İlk proqnoz apreldə, növbəti proqnozlar iyulda və sentiyabrda olur, yekun proqnoz müəyyən edilir və Milli Məclisdə təqdim olunur.
Sentiyabr ayı daxil olmaqla bütün proqnozlarda 22 qiymətləndirici təşkilatın gələn il üçün konsensus qiyməti 65 ABŞ dolları idi. Hazırda isə konsensus qiyməti təqribən 63 dollardır. Amma nəzərə alın ki, bu, brend qiymətidir. "Azeri Light" isə bundan 3 dollar baha satılır. Əlbəttə, neftimizin büdcə qiyməti əvvəlki qədər konservativ deyil, bunu da nəzərə alırıq. Biz çərçivəmizi müəyyən edib, bu çərçivəyə davam etmək istəyirik. Aşağı düşsə nə olacaq? Cari il ərzində də dəfələrlə aşağı düşüb qalxıb. Orta illik dinamika, il ərzində bizim satışlar dövrümüzdə əldə etdiyimiz rəqəm, baxmayaraq ki, müxtəlif dövrlərdə aşağı olub, amma 9 aylıqda bizim satışımız 72 dolların üzərində olub. Həm bugünkü rəqəmə baxsaq, "Brent" hər halda 64-65 dollar arasındadır. Ona görə də biz düşünürük ki, burada ciddi problemimiz yoxdur", - deyə o qeyd edib.