Bakıda "Fərqliliyin rəngi" festivalı keçiriləcək
- 28 oktyabr, 2025
- 11:36
Noyabrın 5-də Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Fərqliliyin rəngi" festivalı keçiriləcək.
Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Komitəsinin təşkilatçılığı ilə keçiriləcək festivalda Azərbaycanın tarixin sınaqlarından keçmiş mötəbər dinlər və mədəniyyətlərarası dialoq modeli, çoxmədəniyyətli mühitlərdə birgəyaşayışın unikal təcrübəsi təqdim ediləcəkdir.
Azərbaycanda formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və təşviq etmək məqsədilə baş tutacaq tədbirdə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Sefarad Yəhudilərinin Bakı dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi Xristian, Krişna Şüuru, Gürcü pravoslav və Molokan-ruhani-xristian dini icması daxil olmaqla 33 dini qurumun iştirakı planlaşdırılır.
Festival çərçivəsində dini qurumların fəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlərin, ədəbiyyat nümunələrinin, əl işlərinin nümayişi, həmçinin dini konfessiyaların musiqi və rəqs qruplarının çıxışları nəzərdə tutulur.
Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçiriləcək festivalın media tərəfdaşı "Global Media Group"dur.