Azərbaycanda qeyri-neft-qaz sənayesi ötən il 5,5 % artıb

Sənaye
  • 19 yanvar, 2026
  • 10:01
Azərbaycanda qeyri-neft-qaz sənayesi ötən il 5,5 % artıb

2025-ci ildə Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 63,1 milyard manatlıq və yaxud 2024-cü illə müqayisədə 1 % az sənaye məhsulu istehsal edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2 % azalıb, qeyri neft-qaz sektorunda isə 5,5 % artıb.

Sənaye məhsulunun 59,6 %-i mədənçıxarma sektorunda, 33,9 %-i emal sektorunda, 5,5 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,8 % azalıb, əmtəəlik qaz hasilatı isə 0,7 % artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 86,3 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 57 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 31,1 %, toxuculuq sənayesi məhsullarının istehsalı 24,5 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 16,1 %, tütün məmulatlarının istehsalı 14,4 %, neft məhsullarının istehsalı 13,7 %, qida məhsullarının istehsalı 9,1 %, kimya sənayesi məhsullarının istehsalı 5,2 %, kompüter, elektron və optik məhsulların istehsalı 2,8 %, içkilərin istehsalı 0,5 % artıb, metallurgiya sənayesi məhsullarının istehsalı 3,1 %, tikinti materiallarının istehsalı 4,3 %, mebel istehsalı 8,6 %, geyim istehsalı 15,1 %, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 15,2 %, maşın və avadanlıqların istehsalı 16,3 %, hazır metal məmulatlarının istehsalı 17,0 %, elektrik avadanlıqlarının istehsalı 19,5 %, poliqrafiya məhsullarının istehsalı 19,5 %, kağız və karton istehsalı 21,1 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 40,3 % azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,3 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,5 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti