Aİ rəsmisi: Sanksiyalarımızda Rusiya Prezidentinin səfərlərinə qadağa yoxdur
- 17 oktyabr, 2025
- 15:51

Rusiyaya tətbiq edilən sanksiyalar Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun aktivlərinin dondurulması ilə bağlı maddələri əhatə edir.
"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında Budapeştdə mümkün görüşü şərh verən Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anita Hipper deyib.
O əlavə edib ki, lakin səfərlərin qadağan edilməsi ilə bağlı sanksiyalarda heç nə yoxdur.
A.Hipperin sözlərinə görə, Rusiya təyyarələrinin Aİ-nin hava məkanında uçuşlarına qoyulan məhdudiyyətlər qüvvədə qalır: "Lakin mümkün istisnalar haqqında qərar ayrı-ayrı üzv dövlətlər səviyyəsində qəbul edilə bilər".
Bildirilib ki, Ukrayna üçün ədalətli və davamlı sülhə nail olmağa kömək edən istənilən addım, o cümlədən Budapeştdə potensial üçtərəfli görüş, Aİ tərəfindən alqışlanır.