Ağcabədidə doğuş zamanı anası ölən körpənin son durumu açıqlanıb - YENİLƏNİB
- 11 sentyabr, 2025
- 12:18

Ötən gün Ağcabədidə dünyaya gələn körpə tibb müəssisəsindədir və vəziyyəti stabil olaraq qiymətləndirilir.
Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata əsasən, 2005-ci il təvəllüdlü hamilə dəqiqləşdirilməmiş preeklampsiya diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Hamiləliyinin 37-ci həftəsində olan pasiyent 15 dəqiqə ərzində müvafiq müayinə olunduqdan sonra stabilləşdirilərək, təxirəsalınmaz əməliyyata alınıb və boyu 47 sm, çəkisi 2 200 qram olan körpə (kişi) dünyaya gəlib. Əməliyyatdan sonrakı dövrdə ananın ürək fəaliyyəti dayandığından müvafiq reanimasiya tədbirlərinə başlanılıb. Həkimlərin çoxsaylı səylərinə və göstərilən yardımlara baxmayaraq qadının bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşriş olunması üçün Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi"nə təhvil verilib. Hadisə ilə əlaqəli Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.
Sevil Seymur
Ağcabədi rayonunda ana doğuş zamanı həyatını itirib.
"Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə, rayonun Avşar kənd sakini, 2005-ci il təvəllüdlü Şərqiyyə Qasımova doğuş zamanı ölüb. Onun dünyaya gətirdiyi körpə (oğlan) isə xilas edilib.
Faktla bağlı araşdırma aparılır.