Zelenski Koşta ilə Ukraynanın Aİ-yə üzvlüyünü və Rusiyaya qarşı sanksiyaları müzakirə edib

Digər ölkələr
  • 05 sentyabr, 2025
  • 14:43
Zelenski Koşta ilə Ukraynanın Aİ-yə üzvlüyünü və Rusiyaya qarşı sanksiyaları müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Ujqorodda Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koşta ilə Aİ-yə üzvlüyü və Rusiyaya qarşı sanksiya siyasəti ilə bağlı danışıqlar aparıb.

"Report" xəbər verir ki, bu barədə V.Zelenski "X" hesabında yazıb.

Onun sözlərinə görə, Koşta ilə danışıqların əsas mövzuları Ukraynanın Avropa təşəbbüslərində, xüsusilə SAFE təşəbbüsündə iştirakı, Aİ-yə üzvlüyə doğru irəliləmə, sanksiya siyasəti və Ukrayna cəmiyyətinin dayanıqlılığının dəstəklənməsi ilə bağlı olub.

"Söhbət insanlarımızın və ilk növbədə, uşaqların dəstəklənməsindən gedib", - Ukrayna lideri qeyd edib.

O, bir gün əvvəl Koşta ilə birlikdə Parisdə "Arzuedənlər koalisiyası"nın görüşündə, həmçinin ABŞ Prezidenti Donald Tramp və Avropa liderləri ilə danışıqlarda iştirak etdiyini xatırladıb.

V.Zelenskinin sözlərinə görə, bu gün vəziyyəti həm Ukrayna, həm də Avropa üçün daha çox təhlükəsizliyə və ümumi nəticələrin əldə olunmasına doğru dəyişmək şansı var.

O, həmçinin bildirib ki, Aİ ukraynalı uşaqlar üçün pulsuz məktəb yeməyini təmin etməyə hazırdır.

"Müharibə dövründə bu, şəraitdən asılı olmayaraq, hər bir uşağa qayğını təmin edir", - prezident qeyd edib.