Zelenski: ABŞ Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasında fəal iştirak edir
- 04 sentyabr, 2025
- 21:21

ABŞ təhlükəsizlik zəmanətlərinin təmin edilməsində, o cümlədən Amerika silahlarının alınması proqramlarında və prosesin özündə uzunmüddətli iştirakda fəal iştirak edir.
"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında yazıb.
Onun sözlərinə görə, koalisiya ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətlərini gücləndirmək məqsədilə Rusiyaya təzyiq göstərmək üçün yeni sanksiyalar və tədbirləri müzakirə edirlər.
"Təzyiq işləyir - Rusiya iqtisadiyyatı və onunla ticarət edənlər üçün vəziyyət daha da mürəkkəbləşir. Biz bu xətti davam etdirəcəyik. Bu gün yeni sanksiyaları, ikinci dərəcəli sanksiyaları, həmçinin ticarətdə kömək edə biləcək xüsusi tarifləri müzakirə etdik", - o yazıb.
Zelenskinin sözlərinə görə, konkret addımlar və hər bir ölkənin Ukraynanın təhlükəsizliyinə töhfəsini müəyyən edən planlar hazırlanıb. Nəticədə 26 ölkə Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu bildirib.
Ukrayna lideri onu da vurğulayıb ki, "istəklilər koalisiyası"nın iclası iştirakçıların sayına görə ən böyük toplantı olub: burada bütün azad Avropa, Kanada, Yaponiya, Avstraliya və Yeni Zelandiya iştirak edib.