Yaponiyanın yeni baş naziri Trampla əlaqələrin gücləndirilməsini müzakirə edib
- 25 oktyabr, 2025
- 18:58
Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə "Kyodo" xəbər agentliyi məlumat yayıb.
"Yaponiya-ABŞ ittifaqını gücləndirmək və onu daha da yüksək səviyyəyə qaldırmaq barədə razılığa gəldik", - deyə oktyabrın 26-da Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) sammitində iştirak etmək üçün Malayziyaya gələn Takaiçi yapon jurnalistlərə bildirib.
Yaponiyanın yeni baş naziri, həmçinin ölkəsinin ABŞ üçün Hind-Sakit okean strategiyasının həyata keçirilməsində və "Çinə qarşı mübarizədə" əhəmiyyətini vurğulayıb.
Takaiçiyə görə, o, Trampı azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının həyata keçirilməsində əməkdaşlıq etməyə çağırıb və ondan 1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan Yaponiya vətəndaşları məsələsinin həllində kömək etməsini istəyib.
ASEAN sammitindən dərhal sonra Takaiçi və Tramp Yaponiyaya qayıdacaqlar və ABŞ Prezidenti 29 oktyabra qədər davam edəcək rəsmi səfərə başlayacaq.