Avropa Komissiyası İsrail və HƏMAS-ın atəşkəs sazişi bağlamağa hazır olmasını dəstəkləyib
- 09 oktyabr, 2025
- 11:23

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen Yaxın Şərq münaqişəsi tərəflərinin Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı saziş bağlamağa hazır olmasını alqışlayıb.
"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Mən ABŞ Prezidenti Donald Trampın təklif etdiyi plan əsasında Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı sazişin bağlanması barədə elanı alqışlayıram. Mən bu irəliləyişə nail olmaq üçün Amerika Birləşmiş Ştatları, Qətər, Misir və Türkiyənin göstərdiyi diplomatik səyləri yüksək qiymətləndirirəm. İndi bütün tərəflər sazişin şərtlərinə tam riayət etməlidirlər. Bütün girovlar azad edilməlidir", - o qeyd edib.
Aİ Komissiyasının sədri deyib ki, Avropa İttifaqı Qəzzaya humanitar yardımın sürətli və təhlükəsiz çatdırılmasını dəstəkləməyə davam edəcək və vaxtı gələndə bərpa və yenidənqurma işlərində kömək edəcək.
"Bugünkü fürsətdən istifadə etmək lazımdır. Bu, davamlı sülh və təhlükəsizliyə doğru etibarlı siyasi yol açmaq üçün fürsətidir. Bu yol iki dövlətin yanaşı mövcudluğu haqqında qərara əsaslanan yoldur", - o vurğulayıb.