Ukrayna Baş naziri: Rusiya dövlət qurumlarını hədəfə alır, Kreml sülh istəmir
- 08 sentyabr, 2025
- 14:34

Kiyevdə (Ukrayna) akkreditə olunmuş xarici diplomatlara Nazirlər Kabinetinin binasının Rusiya hücumu nəticəsində zədələnmiş mərtəbələri göstərilib.
"Report" xəbər verir ki, Ukraynanın Baş naziri Yuliya Sviridenko bu barədə öz teleqram kanalında yazıb.
"İqor Klimenko (DİN rəhbəri - red.) və Andrey Sibiqa (Ukraynanın XİN rəhbəri - red.) ilə birlikdə Ukraynada akkreditə olunmuş 60 diplomatik missiya rəhbərini Rusiyanın ən böyük hava hücumlarından birinin nəticələri barədə məlumatlandırdıq. Nazirlər Kabinetinin binasının zədələnmiş mərtəbələrini göstərdik. Hazırda burada nəticələrin aradan qaldırılması davam edir", - o yazıb.
Y.Sviridenkonun sözlərinə görə, ötən gün baş verən hücum Ukrayna üçün müharibənin yeni mərhələsi deməkdir: "Belə ki, Rusiya qış ərəfəsində mülki, enerji infrastrukturuna hücumlar zamanı "Shahed"lərin sayını kəskin şəkildə artırıb. İndi də dövlət qurumlarını hədəfə alır".
O əlavə edib ki, Rusiya sülh istəmir.
Qeyd edək ki, sentyabrın 7-nə keçən gecə Rusiya PUA-larının Kiyev şəhərinə kütləvi hücumu nəticəsində Ukrayna hökumətinin binasında yanğın baş verib.