Türkiyənin Vitse-prezidenti: Cənubi Qafqazda sabitlik yolunda addımlar regionun əməkdaşlığa yönəlmiş geosiyasi qovşağa çevrildiyini göstərir
- 21 dekabr, 2025
- 17:50
Düşmənçilik artıq keçmişdə qalıb, 30 ildir bölgədə hökm sürən münaqişə və qeyri-sabitlik yerini əməkdaşlıq və inkişaf layihələrinə verir.
Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz deyib.
O bəyan edib ki, Türkiyə Azərbaycan və Ermənistanın bu istiqamətdə ortaq iradəsini və səylərini yüksək qiymətləndirir:
"Qlobal münaqişələrin və qeyri-müəyyənliklərin artdığı bir dövrdə Cənubi Qafqazda davamlı sabitlik və inkişaf istiqamətində atılan addımlar regionun əməkdaşlığa yönəlmiş yeni bir geosiyasi qovşaq nöqtəsinə çevrildiyini göstərir".
Vitse-prezident bölgənin Şərq və Qərb arasında strateji əlaqələri, enerji və ticarət dəhlizlərini, inkişaf etməkdə olan iqtisadi şəbəkələri bir araya gətirən unikal coğrafi mövqeyi ilə seçildiyini deyib:
"Enerji təchizatı təhlükəsizliyinin əhəmiyyətinin artdığı, tədarük zəncirlərinin şaxələndirildiyi və yeni nəqliyyat marşrutlarının inkişaf etdirildiyi hazırkı beynəlxalq mühitdə Cənubi Qafqaz qlobal iqtisadiyyat və diplomatiya üçün kritik bir region kimi əhəmiyyətini artırmağa davam edir".
O qeyd edib ki, regionun gələcəyi üçün bu tarixi fürsətin qaçırılmayacağına, sülh müqaviləsinin imzalanması üçün lazımi şəraitin ən qısa zamanda yaradılacağına və bütün bunların da çox yaxın gələcəkdə regionda yeni tarixi hadisələrə səbəb olacağına inanırlar:
"Şübhəsiz ki, qazanılan rifah və sabitlik regiondan kənara da təsir göstərəcək və bu da sülhə, sabitliyə doğru qlobal dinamikanın formalaşmasına əhəmiyyətli töhfə verəcək".
Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.