Türkiyə, İran və İraq liderləri Dohada fövqəladə sammitə qatılacaq

Digər ölkələr
  • 13 sentyabr, 2025
  • 16:00
Türkiyə, İran və İraq liderləri Dohada fövqəladə sammitə qatılacaq

Türkiyə, İran və İraq liderləri sentyabrın 15-də Dohada keçiriləcək ərəb və müsəlman liderlərinin fövqəladə sammitində iştirak edəcəklər.

"Report" xəbər verir ki, İran prezidentinin iştirakını bu gün ölkənin xarici işlər naziri Abbas Əraqçi açıqlayıb.

Məlumata görə, İran Prezidenti bazar ertəsi Qətərin paytaxtına yola düşəcək. Nazirin özü isə bazar günü, sentyabrın 14-də xarici işlər nazirləri səviyyəsində keçiriləcək görüşdə iştirak edəcək.

Öz növbəsində AFP agentliyi sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin də iştirak edəcəyini xəbər verib.

Agentliyin məlumatına görə, Türkiyə Prezident administrasiyası iştirakı təsdiqləyib, lakin əlavə təfərrüatları açıqlamayıb.

Türkiyə KİV xəbər verir ki, nazirlər sammitində ölkəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

Yüksək səviyyəli görüşün ardından İsrail Hərbi Hava Qüvvələrinin Qətərin paytaxtı Dohaya endirdiyi hava zərbələrini pisləyən qətnamənin qəbul ediləcəyi gözlənilir. Ölkələr həmçinin sənədə İsrailin Qəzza zolağındakı fəaliyyətlərinə son qoyulması, Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi çağırışını daxil etmək niyyətindədir.

Xatırladaq ki, sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ABŞ-nin Qəzza zolağında atəşkəs təklifi ilə bağlı HƏMAS nümayəndələrinin danışıqlar apardığı Qətərin paytaxtı Doha şəhərinə bir neçə zərbə endirib. İsrail əməliyyata "sammiti" adı verib. Sentyabrın 11-də Qətər ərəb və müsəlman ölkələrinin fövqəladə sammitini çağırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti