Tunis Prezidenti Aİ səfirini diplomatik qaydaları pozmaqda ittiham edib
- 26 noyabr, 2025
- 10:55
Tunis Prezidenti Kays Sayid Avropa İttifaqı (Aİ) səfiri Cüzeppe Perroneni diplomatik qaydaları pozmaqda ittiham edib.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
"Kays Sayid Aİ səfirinin diplomatik protokola riayət etməməsi və diplomatın hərəkətləri ilə bağlı qəti etirazını bildirib", - prezident administrasiyasının bəyanatında qeyd edib.
C.Perronenin Tunis Ümumi Əmək İttifaqının (UGTT) lideri Nurəddin Tabubi ilə görüşü noyabrın 24-ü baş tutub. Avropa diplomatı həmkarlar ittifaqının əhəmiyyətini vurğulayaraq, Aİ-nin Tunis vətəndaş cəmiyyəti ilə əməkdaşlığının davam etdirilməsinin vacibliyini qeyd edib. Belə bir görüşün keçirilməsi Tunis hakimiyyətinin xoşuna gəlməyib.
Qeyd edək ki, 2025-ci ildə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı fikir ayrılıqları səbəbindən hökumət və həmkarlar ittifaqı arasında qarşıdurmanın artması müşahidə olunur.