Trampın iştirakı ilə keçirilən görüş iştirakçılardan birinin huşunu itirməsi səbəbindən yarımçıq qalıb
- 06 noyabr, 2025
- 23:15
Prezident Donald Trampın iştirak etdiyi ABŞ səhiyyəsi ilə bağlı mətbuat konfransı iştirakçılardan biri huşunu itirdikdən sonra dayandırılıb.
"Report"un məlumatına görə, bu barədə ABŞ mediası məlumat yayıb.
Hadisə Oval Ofisdə natiqlərdən birinin çıxışı zamanı baş verib və bundan sonra mətbuat nümayəndələri zaldan çıxarılıb.
"Daily Mail" qəzetinin məlumatına görə, huşunu itirən şəxs Danimarkanın "Novo Nordisk" əczaçılıq şirkətinin icraçı direktoru Qordon Findlaydır. Şirkət piylənmənin müalicəsi, biofarmasevtika, böyümə hormonu müalicəsi və hormon əvəzedici terapiya üzrə ixtisaslaşıb, həmçinin "Ozempic", "Rybelsus" və "Wegovy" dərmanlarını istehsal edir.
Bir müddət sonra tədbir onun iştirakı olmadan davam edib və yayım yenidən başlayıb. İlkin məlumatlara görə, Qordon Findlayd özünə gəlib, lakin əlavə təfərrüatlar verilməyib.