Tramp Putinin "Burevestnik" raketi ilə bağlı bəyanatını "yersiz" adlandırıb
- 27 oktyabr, 2025
- 11:15
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin "Burevestnik" qanadlı raketi ilə bağlı bəyanatını "yersiz" adlandırıb.
"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"O (Putin- red.) müharibəyə son qoymalıdır. Bir həftə davam etməli olan müharibə artıq dördüncü ildir ki, davam edir. O raketləri sınaqdan keçirməklə deyil, bununla məşğul olmalıdır", - Tramp bildirib.
Daha əvvəl Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Valeri Gerasimov Vladimir Putinə verdiyi hesabatda nüvə enerji qurğusu ilə təchiz edilmiş "Burevestnik" qanadlı raketinin sınaqlarının uğurlu keçdiyini bildirib.
V.Putin isə öz növbəsində sınaqları uğur adlandırıb və qeyd edib ki, belə "unikal silah dünyada heç kimdə yoxdur".