Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib

Digər ölkələr
  • 03 may, 2026
  • 04:20
Tramp İranın qalan raket potensialını da məhv etmək istədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp İranın raket silahları sahəsində qorunub saxlanılan potensialını ləğv etmək niyyətini açıqlayıb.

"Report" xəbər verir ki, Amerika lideri bunu Florida ştatının Vest Palm-Biç şəhərində jurnalistlərlə söhbətində deyib.

"Bəli, mən bunu məhv etmək istərdim", - deyə o, İranın raket texnologiyaları sahəsində hələ də mövcud olan istehsal gücləri haqqında suala cavabında bildirib.

Amerika administrasiyasının məlumatına görə, Birləşmiş Ştatlar və İsrail tərəfindən endirilən zərbələrdən sonra Tehranda bu cür potensialının 15 %-dən çoxu qalmayıb.

Jurnalistlər Trampa Vaşinqtonun İslam Respublikasına yenidən zərbə endirib-endirməyəcəyi barədə də sual veriblər. "Baxarıq. Bu, mümkündür, belə bir şey, şübhəsiz ki, baş verə bilər", - Ağ Evin rəhbəri bildirib.

Bununla yanaşı, Tramp gələcəkdə Amerika neft şirkətlərinin İran ərazisində fəaliyyət göstərə biləcəyini də istisna etməyib.

Bundan əvvəl Amerika lideri "Truth Social" sosial şəbəkəsində bildirmişdi ki, ABŞ-nin təkliflərinə İranın cavabını çətin qəbul etsin.

"Onun (Tehranın planının - red.) məqbul olacağını təsəvvür edə bilmirəm", - o yazıb.

Daha əvvəl İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi Tehranda xarici ölkələrin səfirləri ilə görüşündə bildirib ki, İran Pakistan vasitəsilə ABŞ-yə münaqişənin nizamlanması üzrə yeni plan ötürüb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.