Gəncədə dağıntılar altında qalan şəxslərin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2
- 07 sentyabr, 2025
- 17:43

Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında qalan şəxslərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən "Report"a bildirilib ki, bu gün saat 15:50 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Belə ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.
"Report" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Gəncə şəhərində ev tikintisi zamanı uçqun olub, ölən və xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
Belə ki, ərazidə ev tikintisi zamanı uçqun baş verib.
Hadisə nəticəsində 1985-ci təvəllüdlü Taleh Kərimov dağıntılar altında qalaraq ölüb, 2002-ci il təvəllüdlü S.Məmmədov, 2003-cü il təvəllüdlü T.Məmmədov və 2004-cü il təvəllüdlü T.Kərimov xəsarət alıb.
Qeyd edək ki, ölən şəxsin usta olduğu bildirilir.
Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.