Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri keçirilir
- 19 oktyabr, 2025
- 11:03

Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) prezident seçkiləri keçirilir.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, vətəndaşlar seçkinin birinci turu üçün səhər saat 8:00-da səs verməyə başlayıblar və axşam saat 18:00-a qədər səs verə bilərlər.
Ümumilikdə 777 seçki məntəqəsi yaradılıb. 218 min 313 seçicinin olduğu KKTC-də prezident seçilmək üçün etibarlı səslərin sadə əksəriyyəti tələb olunur.
Hər hansı namizəd birinci turda 50% + 1% səs toplasa, prezident seçiləcək.
Namizədlərdən heç biri mütləq səs çoxluğu əldə etməsə, birinci turda ilk iki yeri tutan namizəd yeddi gün ərzində keçiriləcək ikinci tur seçkidə iştirak edəcək.
İkinci turda ən çox səs toplayan namizəd prezident postunu tutmaq hüququ qazanacaq.
Beş-i müstəqil olmaqla seçkidə yeddi namizəd iştirak edir. Hazırkı prezident Ersin Tatar bu dəfə seçkilərə müstəqil namizəd kimi qatılıb.