Səudiyyə Ərəbistanı kompaniyası "Lukoyl" şirkətinin 22 milyard dollarlıq aktivlərinə iddialıdır
- 16 dekabr, 2025
- 21:33
Səudiyyə Ərəbistanının "Midad Energy" şirkəti Rusiyanın neft nəhəngi "Lukoyl"un təxminən 22 milyard dollar dəyərində qiymətləndirilən beynəlxalq aktivlərini almaq üçün əsas iddiaçılardan birinə çevrilib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Satış paketinə dünyanın müxtəlif yerlərindəki neft yataqları, neft emalı zavodları (NEZ) və minlərlə yanacaqdoldurma məntəqəsi daxildir.
"Midad Energy" ödənişi tamamilə nağd şəkildə həyata keçirməyi planlaşdırır; vəsaitlər Rusiya şirkətinə qarşı sanksiyalar ləğv edilənədək eskrou hesabda saxlanılacaq. Sövdələşmədə digər Amerika şirkətlərinin də iştirakı mümkündür.
Mənbələrin məlumatına görə, "Lukoyl"un aktivləri üçün aralarında ABŞ-nin "Exxon Mobil" və "Chevron" neft şirkətləri, həmçinin "Carlyle" özəl investisiya firması da olmaqla, onlarla investor müraciət edib.