Serbiya AES-in tədqiqatları üçün 30 milyon avro ayırıb

Digər ölkələr
  • 14 noyabr, 2025
  • 07:17
Serbiya AES-in tədqiqatları üçün 30 milyon avro ayırıb

Serbiya ölkədə atom elektrik stansiyasının (AES) tikintisinin mümkünlüyü ilə bağlı tədqiqatlara 30 milyon avro ayırıb və nüvə enerjisinin inkişaf perspektivlərini araşdırmaq üçün Fransa ilə əməkdaşlıq edəcək.

"Report"un məlumatına görə, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra Parisdə jurnalistlərlə söhbətində bildirib.

Vuçiç xatırladıb ki, Belqrad əvvəllər Fransanın EDF şirkəti ilə anlaşma memorandumu imzalayıb və hazırkı danışıqlar bu işin davamıdır. "Biz EDF ilə anlaşma memorandumu imzaladıq və bu, danışıqlarımızın mövzularından biri idi. Biz nüvə elektrik stansiyaları ilə bağlı ilkin tədqiqatlar üçün 30 milyon avro ayırmışıq və bu barədə işləməyə yeni başlayırıq", - dövlət başçısı bildirib.

O, nüvə enerjisinin Serbiyanın gələcək enerji balansının əsas elementinə çevrilə biləcəyini vurğulayıb. "Bu, ən təmiz enerji, ən yaxşı enerjidir və gələcəkdə bizi xilas edə biləcək yeganə enerjidir, çünki 15 ildən sonra artıq kömürümüz olmayacaq. İstəsək də, istəməsək də, elektrik enerjisini başqa yolla əldə etməli olacağıq və 15 ildən sonra hakimiyyətdə olan hər kəsə kömək etmək istərdim", - Vuçiç qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti