Rumıniyada NATO hərbi bazasının yaxınlığında etiraz aksiyası keçirilib
- 20 dekabr, 2025
- 04:42
"World Beyond War" beynəlxalq pasifist təşkilatının üzvləri Konstansa bölgəsinin Mixail Koqelniçanu qəsəbəsində - NATO-nun böyük hərbi bazasının yerləşdiyi ərazidə etiraz aksiyası keçiriblər.
"Report" xəbər verir ki, bu barədə "Adevărul" qəzeti məlumat yayıb.
Aksiya iştirakçıları üzərində "NATO müharibə istəyir, Rumıniya sülh" yazılmış böyük plakat qaldıraraq ölkədəki xarici hərbi obyektlərin bağlanmasına çağırış ediblər. Etirazçılar bəyanatlarında bu cür bazaların yerli əhalinin real demokratik razılığı olmadan tikilib idarə olunan hərbi güc mərkəzləri olduğunu bildiriblər. Onların sözlərinə görə, hazırda dünyada minlərlə belə obyekt mövcuddur və əksəriyyəti ABŞ-yə məxsusdur.
"Xarici hərbi bazalar qəbul edən ölkənin milli suverenliyini sual altına qoyur. Bu bazaların açılması və saxlanılması ilə bağlı qərarlar, əsasən, siyasi və hərbi elitalar tərəfindən, insanlar ilə məsləhətləşmədən qəbul edilir. Bu bazalar mütləq yerli əhalinin maraqlarını qorumur, əksinə, müharibə və ya gərginliyin artması halında qəbul edən ölkəni strateji hədəfə çevirə bilər", – bəyanatda vurğulanıb.
Aksiya iştirakçıları etiraz üçün məhz bu vaxtı seçdiklərini bildiriblər, çünki ənənəvi təhlükəsizlik institutları böhranlara cavab olaraq hərbi eskalasiyanı dəstəkləyirlər.