Pekin BMT-nin Baş katibinə Tokio ilə əlaqələrin gərginləşməsi ilə bağlı məktub göndərib
- 22 noyabr, 2025
- 11:28
Çin BMT-nin Baş katibi Antonio Quterreşə Yaponiya ilə əlaqələrin gərginləşməsi ilə bağlı məktub göndərib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Çinin BMT-dəki nümayəndəsi Fu Tsunyanın bəyanatına istinadən məlumat yayıb.
Fu Tsunya bəyan edib ki, Yaponiyanın Baş naziri Sanae Takaiti Tayvan (Çinin əyaləti) ətrafındakı münaqişənin eskalasiyasının Tokio tərəfindən hərbi cavaba səbəb ola biləcəyini qeyd edərkən beynəlxalq hüququn və diplomatik normaların "ciddi pozuntu"suna yol verib.
"Əgər Yaponiya Tayvan boğazındakı vəziyyətə silahlı müdaxilə etməyə cəsarət edərsə, bu təcavüz aktı kimi qiymətləndiriləcək. Çin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün BMT Nizamnaməsi və beynəlxalq hüquqla nəzərdə tutulmuş özünümüdafiə hüququndan qətiyyətlə istifadə edəcək", - o yazıb.
S.Takaiti noyabrın əvvəllərində bildirmişdi ki, Tayvan ətrafında vəziyyət Yaponiyanın mövcudluğuna təhlükə yaradan vəziyyətə çevrilə bilər. Lakin Pekin Tayvan məsələsini Çinin daxili işi hesab edir.