Oleq Qriqorov: Rusiya ordusu xilasetmə işləri zamanı eyni yerə təkrar zərbə endirib
- 04 oktyabr, 2025
- 20:02

Təhlükəsizlik amilini nəzərə alaraq bərpa və xilasetmə işləri aparılır.
Bunu "Report"un Şərqi Avropa bürosuna Ukraynanın Sumı vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.
O, Rusiya ordusunun Ukraynanın Sumı vilayətinin Şostka şəhərindəki dəmir yolu vağzalına zərbəsi nəticəsində bir nəfərin həlak olduğunu xatırladaraq qeyd edib ki, həmin şəxsin meyiti vurulan qatarın altından tapılıb.
Vilayət rəhbəri bildirib ki, xilasetmə işləri zamanı eyni yerə təkrar zərbə endirilib:
"Hazırda hücum davam edir. Təhlükəsizlik amilini nəzərə alaraq bərpa və xilasetmə işləri aparılır. Birgə fəaliyyətin koordinasiyası, yardım göstərilməsi və nəticələrin aradan qaldırılması üçün operativ qərargahın işi təşkil edilib".
O. Qriqorov deyib ki, atəş səbəbindən Şostka şəhərinin və rayonun bir hissəsi elektriksiz qalıb:
"Dövlət və hakimiyyət orqanları, mərkəzi icra hakimiyyəti orqanları, ərazi icması, FHN, polis və ictimai təşkilatlarla birlikdə nəticələrin aradan qaldırılması, yardımın göstərilməsi və işin bərpası üçün maksimum qüvvə cəlb olunub".