Bakıda "Türkiyə–Azərbaycan Qardaşlığı: Anadoludan Bakıya" adlı sərgi açılıb

Mədəniyyət siyasəti
  • 04 oktyabr, 2025
  • 21:57
Bakıda Türkiyə–Azərbaycan Qardaşlığı: Anadoludan Bakıya adlı sərgi açılıb

Bakıda "Türkiyə–Azərbaycan Qardaşlığı: Anadoludan Bakıya" adlı sərginin açılışı mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbir Türkiyənin Sənət və Sənətkarlar Birliyi Dərnəyi (SAKÜDER) tərəfindən təşkil olunub.

Sərgiyə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər iştirak ediblər.

Sərginin əsas məqsədi Ümummilli Lider Heydər Əliyev və Mustafa Kamal Atatürkün zəngin mədəni irsini gələcək nəsillərə ötürmək, həmçinin incəsənət xadimlərinin yaradıcılığını sənətsevərlərə təqdim etməkdir. SAKÜDER öz fəaliyyəti ilə rəssamlıq, ədəbiyyat, musiqi kimi müxtəlif sənət sahələrini birləşdirərək həm də Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərini mədəniyyət və incəsənət vasitəsilə daha da möhkəmləndirir.

Sərgidə Türkiyənin İstanbul, Ankara, İzmir və digər şəhərlərindən, eləcə də Bakıdan 20-dən çox rəssamın 50-dək əsəri nümayiş olunub. Təqdim edilən sənət inciləri arasında Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, Siruz Mirzəzadə, Rəssamlar İttifaqının üzvləri Fikrət İbrahimli, Tahir Şıxəliyev, Günəş Abbas, Ali Eser, Nuranə Babayeva, Ahmet Özol, Pınar Yükselir və digər rəssamların əsərləri yer alıb.

Tədbir çərçivəsində həmçinin "SAKÜDER–2025" fəxri mükafatları təqdim olunub və iştirakçılara sertifikatlar verilib.

Qeyd edək ki, belə tədbirlər iki ölkə sənətkarlarının bir araya gələrək təcrübə mübadiləsi aparmasına, milli-mədəni irsin qorunmasına və yeni yaradıcılıq imkanlarının ortaya çıxmasına şərait yaradır. "Türkiyə–Azərbaycan Qardaşlığı: Anadoludan Bakıya" sərgisi də bu istiqamətdə mühüm addım kimi dəyərləndirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti