Nyu-Yorkda yeni merinin rəhbərliyi ilə qanunsuz miqrantlara qarşı reydlər davam etdiriləcək
- 22 noyabr, 2025
- 08:30
ABŞ-nin İmmiqrasiya və Gömrük Xidməti (ICE) Nyu-Yorkun yeni meri Zöhran Mamdaninin vəzifəsinin icrasına başlamasından sonra şəhərdə qanunsuz miqrasiya ilə mübarizəni davam etdirəcək.
"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABŞ Prezidenti Donald Trampın seçilmiş merlə görüşü barədə şərh verərkən deyib.
"Əlbəttə, qanunsuz miqrantların kütləvi deportasiyasını davam etdirəcəyik. İmmiqrasiya və Gömrük Xidməti Nyu-York şəhərində fəaliyyətini davam etdirəcək. Məsələ bu gün Oval Kabinetdə müzakirə olunub. Prezident Tramp heç vaxt öz prinsiplərindən imtina etmir, amma o, həmişə bu ölkəni yenidən böyük etmək istəyən insanlarla işləməyə hazırdır", - o, "Fox News"a müsahibəsində bildirib.
Nyu-York şəhərinin meri vəzifəsində seçkilərdə qələbə qazanmış demokrat Zöhran Mamdani əvvəllər şəhər polisinin ICE ilə əməkdaşlıq etməyəcəyini bildirmişdi. O, həmçinin rəhbərliyi altında Nyu-Yorkun "immiqrantlar tərəfindən tikilmiş, immiqrantlar tərəfindən idarə olunan və indi immiqrant tərəfindən idarə olunan immiqrantlar şəhəri olaraq qalacağını" vəd etmişdi.