Netanyahu Dohaya edilən son hücuma görə Qətərin Baş nazirindən üzr istəyib
- 29 sentyabr, 2025
- 20:53

İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS rəhbərliyini məhv etmək məqsədilə Dohaya edilən son hücuma görə Qətərin Baş nazirindən üzr istəyib.
"Report" xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanalı" məlumat yayıb.
Netanyahunun Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Əl-Tani ilə telefon danışığı apardığı və sentyabrın 9-da Qətərin paytaxtına hücuma görə üzr istədiyi vurğulanıb.
Telekanalın mənbəsi onu da bildirib ki, İsrailin Baş naziri hücumda Qətər təhlükəsizlik xidmətinin əməkdaşının ölümündən təəssüfləndiyini bildirib.
Xatırladaq ki, sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ABŞ-nin təklifi üzrə HƏMAS-ın Qəzza zolağında atəşkəslə bağlı danışıqlar apardığı Qətərin paytaxtı Dohaya bir neçə zərbə endirib. İsrail əməliyyatı "Atəş sammiti" adlandırıb. Sentyabrın 11-də Qətər ərəb və islam ölkələrinin fövqəladə sammitini çağırıb.