BMT sessiyasında Kipr danışıqları nəticəsiz qalıb, ŞKTC lideri ikidövlətli həll tələb edir
- 29 sentyabr, 2025
- 21:56

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində beynəlxalq təşkilatın himayəsi altında Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) və Cənubi Kipr liderinin iştirakı ilə baş tutan danışıqlar nəticəsiz qalıb.
Bu barədə "Report"un ABŞ bürosuna Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib.
O BMT Baş katibi Antoniu Quterreşi Cənubi Kiprin son vaxtlar sürətlə silahlanması barədə məlumatlandırdığını deyib.
E.Tatar qeyd edib ki, bu silahlanma adada təhlükəni artırır, əlavə gərginlik və narahatlıq yaradır:
"ŞKTC adada bərabər hüquqlara malik iki suveren dövlət uğrunda mübarizəsini davam etdirir. Biz Kipr türkləri olaraq hər zaman yaxşı niyyətimizi ortaya qoymuşuq. Ancaq bu, bərabərlik və birlik əsasında olmalıdır. Əgər dövlət-dövlət səviyyəsində razılaşma olmazsa, Kipr türkləri keçmişdə olduğu kimi çox böyük çətinliklər yaşaya bilər".
ŞKTC lideri növbəti danışıqların vaxtı ilə bağlı söyləyib ki, Cənubi Kipr şimalın suveren bərabərlik tələbinə razılıq verməyənə qədər rəsmi danışıqlar aparılmayacaq:
"Biz illərdir onlarla görüşürük, amma təəssüf ki, istədiyimiz zəmin yaranmayıb. Qarşı tərəf Avropa Birliyi dövləti olduğu üçün Kipr türkünə lazımi hörmət və anlayış göstərmir. Amma bu, gələcəkdə razılaşmanın olmayacağı anlamına gəlmir. Vacibdir ki, onlar da məsələni fərqli qiymətləndirsinlər və razılaşma üçün nələrin lazım olduğunu düşünsünlər. Biz onların artıq ikidövlətli siyasətə hörmət etmələrini istəyirik. Çünki 1963-dən ayrı yaşayırıq. Bu zəmində əldə olunacaq razılaşma ən yaxşı yol olacaq".
Qeyd edək ki, Kipr BMT-nin hərtərəfli həll tapmaq üçün göstərdiyi bir sıra diplomatik cəhdlərə baxmayaraq, yunan və türklər arasında onilliklərdir davam edən mübahisənin mərkəzindədir. 1960-cı illərin əvvəllərində başlayan etnik hücumlar şimaldakı kiprliləri təhlükəsizlik naminə anklavlara çəkilməyə məcbur etdi. 1974-cü ildə adanı Yunanıstana birləşdirmək məqsədi daşıyan yunan kipri çevrilişi Türkiyənin, zəmanətçi dövlət olaraq, türk kiprliləri təqib və zorakılıqdan qorumaq üçün hərbi müdaxiləsinə səbəb olub. Nəticədə 1983-cü ildə ŞKTC elan edilib.
Son illərdə sülh prosesi fasilələrlə davam edib. O cümlədən, 2017-ci ildə İsveçrədə Türkiyə, Yunanıstan və Böyük Britaniya kimi zəmanətçi ölkələrin himayəsi altında danışıqlar keçirilsə də, bu təşəbbüs uğursuzluqla nəticələnib.