KİV: Yaponiyanın sahil mühafizəsi rabitə üçün "Starlink" tətbiq edəcək
- 07 sentyabr, 2025
- 04:38

Yaponiya sahil mühafizəsi öz gəmilərində rabitə təmin etmək üçün "Starlink" peyk internetindən istifadə etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.
Yaponiyada 31 mart 2026-cı ildə başa çatacaq bu maliyyə ilində 66 gəminin, növbəti il isə daha 16 gəminin "Starlink" ilə təchiz ediləcəyi gözlənilir.
Onlar xüsusən Tokio və Pekin arasında mübahisə predmeti olan Senkaku adaları (Diaoydau) yaxınlığındakı sularda patrul xidməti həyata keçirəcəklər. Bundan əlavə, "Starlink" dəniz dibinin topoqrafik tədqiqatlarını aparan dörd yapon hidroqrafik gəmisi ilə təchiz ediləcək.
Cari maliyyə ilində bu məqsədlər üçün 4,26 milyard ien (29 milyon dollar) ayrılacaq. Onlardan "Starlink" terminallarının quraşdırılması, gücləndirilmiş şifrələmə imkanlarına malik rabitə avadanlığının tətbiqi və kiberhücumlara qarşı mübarizə sahəsində tədqiqatların aparılması üçün istifadə olunacaq.
Yaponiya sahil mühafizəsinin gəmiləri hazırda qərargahları ilə əlaqə saxlamaq üçün sabit peyk rabitəsindən istifadə edirlər. Bununla belə, "Starlink" sistemindən fərqli olaraq, bunun hava şəraiti və potensial kiberhücumlara qarşı həssas olduğunu güman edirlər.