KİV: Tramp əmin edib ki, Netanyahuya İordan çayının qərb sahilinin ilhaqına icazə verməyək
- 24 sentyabr, 2025
- 23:27

ABŞ Prezidenti Donald Tramp sentyabrın 23-də BMT Baş Assambleyası çərçivəsində ərəb liderləri ilə görüşü zamanı İsrailin Baş naziri Binyamin Netanyahunun İordan çayının qərb sahilini tamamilə ilhaq etməsinə imkan verməyəcəyinə söz verib.
"Report" xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Amerika Prezidenti bu məsələdə qəti mövqe nümayiş etdirir.
İki mənbənin nəşrə verdiyi məlumata görə, Tramp və komandası Qəzza zolağında müharibəyə son qoymaq planını təqdim ediblər. Sənəddə anklav və müharibədən sonrakı təhlükəsizlik məsələləri üçün mümkün idarəetmə strukturu təsvir edilir. Lakin İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs razılaşması hələ əldə olunmayıb.
Digər iki mənbə nəşrə bildirib ki, ərəb liderləri ABŞ Prezidentini İsrailin İordan çayının qərb sahilinə hər hansı işğalının "İbrahim sazişləri"nin – İsrail ilə ərəb ölkələri arasında diplomatik münasibətlər quran bir sıra razılaşmaların dağılmasına gətirib çıxaracağına inandırmaq istəyiblər. Bu müqavilələr Donald Trampın birinci dövründə bağlanıb.
Sentyabrın 23-də Nyu Yorkda keçirilən görüşdə Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir, İordaniya və Türkiyə liderləri iştirak ediblər. Rəsmilər görüşün nəticələri barədə açıqlama verməyiblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıqları məhsuldar adlandırıb, lakin təfərrüatları açıqlamayıb.